Abdulla Şaiqin ev-muzeyi

Abdulla Şaiqin ev-muzeyi Bakının mərkəzində, Abdulla Şaiq küçəsi - 21 ünvanında yerləşir. Muzey 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Ədibin 120 illik yubileyi ərəfəsində, 2001-ci ilin yanvar ayında muzeyin ekspozisiyası açılıb. Mollanəsrəddinçilərə yaxın olan şair, həm də Azərbaycan uşaq ədəbiyyatının banilərindəndir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.

Mənzil-muzey 4 otaqdan ibarətdir. Ekspozisiyada A.Şaiqin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. Muzeyin yaradılmasında ədibin oğlu Kamal Talıbzadənin əvəzolunmaz xidmətləri olub. Kamal Talıbzadə bu eksponatları ailə evindən, Ədəbiyyat İnstitutundan, arxivdən, qohumlarından böyük əziyyətlər hesabına toplayıb. Muzeydə ümumilikdə 9576 eksponat qorunub saxlanılır.

Salonda diqqətimizi ilk cəlb edən üzərinə köhnə süfrə salınmış masa oldu. Səməd Vurğun, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir, Abbas Səhət, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi ziyalılar bu masa ətrafında dəfələrlə şeir-sənət məclisləri təşkil ediblər. Abdulla Şaiq öz yoldaşları ilə gecədən səhərə kimi müxtəlif dərsliklər üzərində çalışıb.

Sonra digər otaqlara keçirik və burada xüsusi stendlərdə nümayiş olunan kitablar göz oxşayır. Bu kitabların bəzilərini vərəqlədikcə uşaqlıq xatirələrimiz göz önündə canlanır. Muzeydə təqdim olunan önəmli eksponatlardan biri də ədibin əsərlərini qələmə aldığı yazı masasıdır. O vaxt ədibin ömür-gün yoldaşı Şahzadə xanım istəyib ki, bu köhnə masanı atsın və yenisini alsın. Bunu bilən Abdulla Şaiq “Masama” şeirini yazır. Şahzadə xanım onu oxuyandan sonra bu onun üçün əziz bir xatirəyə çevrilir. Qeyri-adi görünüşü olan bu masaya nəzər yetirdikdə, burada nümayiş olunan eksponatların xüsusi dəyərə malik olduğu qənaətinə gəlirik. İş masasının yerləşdiyi otağın divarından böyük saat asılıb. Onun əqrəbləri simvolik olaraq Abdulla Şaiqin vəfat etdiyi anda dondurulub.

Muzeydə nümayiş olunan eksponatların heç birinə dəyişiklik edilməyib, bunun da əsas məqsədi Abdulla Şaiq irsinin qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsindən ibarətdir. Muzeyin tərkibində “Vətən” yaradıcılıq dərnəyi fəaliyyət göstərir. Dərnəyin əsas fəaliyyət istiqaməti Abdulla Şaiq ənənələrini qoruyub saxlamaqdır.