“Axtarış” tamaşasının nümayişi keçirilib

 

Azərbaycan Dövlət Musiqili teatrın səhnəsində Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının hazırladığı “Axtarış” tamaşasının nümayişi keçirilib. “Axtarış” - Azərbaycan teatr məkanında ilk dəfə təqdim edilən hibrid tamaşadır. İki böyük ədəbiyyat və fəlsəfə nəhənginin – Fəridəddin Əttar və Alber Kamyunun əsərləri əsasında səhnələşdirilən tamaşada həm Şərq mistikası və mənəviyyatı, həm də Qərbin ekzistensializm fəlsəfəsi paralel şəkildə təqdim olunur.

Tamaşanın əsas süjeti “Quşların dili” (F. Əttar) və “Anlaşılmazlıq” (A. Kamyu) əsərlərinin fəlsəfi təməlində dayanan iki müxtəlif hekayə -quşların Simurq axtarışı və bir ailənin "günəşli yerlərə" canatma arzusunun gətirdiyi faciədən ibarətdir. Bu ziddiyyətli iki xətt tamaşa boyunca bir-birinə ilmə-ilmə toxunaraq, insan varlığının, seçimlərin və mənəviyyatın dərin qatlarına işıq tutur.

Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadədir. Rolları Xalq artisti Mehriban Zəki, aktyorlar Səmayə Ağayarova, Elşən Əskərov, Elsevər Rəhimov, Lalə Süleymanova, Elvin Mirzəyev, Fərid İsmayılov, Aydan Ağazadə, Gülnar Əlfidatlı, Səadət Abbasova, Sərxan Nəciyev və Bəhram Rəhimli ifa edir.

Tamaşanın məsləhətçiləri Şəhram Oromi, Hədiyyə Əhmədi, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı Tamerlan Abdullayev, geyim tərtibatçısı Nübar Hüseynova, multimedia meneceri Famil Mahmudbəylidir.

Böyük mütəfəkkir Fəridəddin Əttarın və Alber Kamyunun  əsərləri əsasında hazırlanmış, fərqli dövrlərdə yaşayıb yaratmış iki müəllifin bir-birinə zidd fəlsəfi düşüncələrinin səhnə qarşılaşması olan tamaşa böyük maraqla qarşılanıb. Mükkəməl rejissor işi və professional aktyor oyunu nümayiş etdirən tamaşa böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.