“Opera Günləri” layihəsinin təntənəli bağlanış konserti baş tutub

10 iyul Dənizkənarı milli parkda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən ölkəmizdə ilk dəfə keçirilən “Opera Günləri” layihəsinin təntənəli bağlanış konserti keçirilib.

Konsertdə teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın baş xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə xor klassik musiqi və estrada sənətinin unikal sintezini təqdim edib.

Proqramda Azərbaycanın tanınmış sənətkarları, Xalq artistləri Yusif Eyvazov, Azər Zeynalov, Samir Cəfərov, Fidan Hacıyeva,  Elçin Həşimov, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Arzu Əliyeva, Cahangir Qurbanov, Fərid Əliyev, Abbas Bağırov, İlham Nəzərov, Anton Ferştandt, Təyyar Bayramov, Elnur Əhmədov, solistlər Fatimə Cəfərzadə, Nigar Cəfərova, Aytac Şixəlizadə, Aytən Məhərrəmova, Atəş Qarayev, Mahir Tağızadə, Rza Xosrovzadə, Orxan Cəlilov, Orxan Zeynallı, İlkin Dövlətov, teatrın balet truppasının artistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri (xoreoqraf Əməkdar artist Yuriy Lobaçev) çıxış ediblər.

Gecənin əsas özəlliklərindən biri kimi ilk dəfə olaraq akademik vokal və estrada sənətçilərinin duet çıxışları təqdim edilib. Konsert proqramında Üzeyir Hacıbəylinin "Sevgili canan" romansı, Niyazinin "Qaytağı", Fikrət Əmirovun "Min bir gecə" baletindən Şəhrizadın Bayramı, Jorj Bizenin “Karmen” operasından “Xabanera", Zukero Fornaçarinin “Miserere” əsəri, Françesko Sartorinin “Time to Say Goodbye”, Çoş Qrobanın “Il Canto”, Rolf  Lovlandın "You Raise Me Up” və digər məşhur əsərlər səsləndirilib.

İzdihamla keçən bağlanış konserti tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.