11 iyul tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalının səhnəsində aparıcı kollektivimiz olan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 105 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib.Bu əlamətdar günə həsr olunmuş konsert proqramı orkestrin zəngin tarixini, musiqi mədəniyyətimizdəki yerini və müasir dövrdəki uğurlarını əks etdirib.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından Uvertüra (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov), A.Məlikovun piano və orkestr üçün konsertindən fraqmentlər (solist Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə), F.Əmirov “Simfonik rəqslər”dən “Şənlik", Q.Qarayevin “Alban rapsodiyası” və M.Maqomayevin “Təntənəli marş” əsərləri ( dirijor Mustafa Mehmandarov) Niyazi “Rast” simfonik muğamı (dirijor Fuad İbrahimov) səslənib. Dinləyicilərin gur alqışları nəticəsində sonda orkestr bis olaraq Niyazi "Vals" ifa edib. Qeyd edək ki, bu təntənəli bayram gecəsi eyni zamanda sezonun son konserti kimi bütün tədbirlərin yekunu olaraq səsləndi. Sonda orkestrin bədii rəhbər və baş dirijoru, Əməkdar artist Fuad İbrahimov hər bir ifaçının olduqca doğma və peşəkar musiqiçi olduqlarını bir daha vurğulayaraq, kollektivi ürəkdən təbrik etdi və çıxışı SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyliyə ötürdü. F.Bədəlbəyli orkestrin fəaliyyətində xalqımızın milli musiqi irsi ilə dünya musiqimizin vəhdəti, yüksək peşəkarlıq və sənətə sədaqətin əks olunduğunu qeyd etdi. Onların səhnədə yaratdıqları musiqi mənzərəsinin həm dinləyicilərin qəlbinə yol tapdığını, həm də Azərbaycan musiqisinin şöhrətinin dünyaya yayılmasının bariz nümunəsi olduğunu dedi.Orkestrin çoxillik rəhbəri və yaradıcı simaları başda olmaqla bütün kollektivə ən səmimi təbriklərini çatdıraraq, gələcək fəaliyyətində uğurlar, yeni zirvələr və daim gur alqışlanan çıxışlar arzuladı.
Bu yubiley təkcə orkestrin deyil, bütövlükdə Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan Azərbaycan musiqisinin zəngin və parlaq yolunun təntənəsidir.