İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil edib. Tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai siyasi xadimlər iştirak edib. Azərbaycan Milli Akademik Opera və Balet Teatrının görkəmli solisti Fəridə Məmmədovanın ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səslənib.
Fransa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayon qonaqları salamlayaraq, hamıya gəldikləri üçün minnətdarlığını bildirib: "Fransa Respublikasının milli bayramını və onun idealları olan Azadlıq, Bərabərlik və Qardaşlıq dəyərlərini bizimlə birlikdə qeyd etdiyiniz üçün sizə təşəkkür edirəm. Biz, fransızlar, bu ideallarla fəxr edirik. Daha təhlükəli və mürəkkəb bir dünyada, hər gün onlara layiq olmağa çalışırıq. Avropalı tərəfdaşlarımızla birlikdə üzləşdiyimiz təhdidlərə qarşı dayanmağa çalışırıq – bu barədə, dünən Prezidentimizin Orduda etdiyi çıxışda, eləcə də, onun Böyük Britaniyaya etdiyi dövlət səfəri zamanı da danışılıb. Avropa güclü və birlikdə olmaq istəyir, və Ukraynanın suverenliyini dəstəkləməyə davam etmək əzmindədir. Bu axşamı mümkün edən çoxsaylı sponsorlarımıza dərin təşəkkürümü bildirirəm. Bu il Bakıda keçirilən milli bayramımız iki səbəbdən qadınlara həsr olunub:
Birinci səbəb – çünki Marianne obrazı Fransız İnqilabından bəri Fransa Respublikasının simvoludur. O, monarxiyadan respublikaya keçidin, xalqın suverenliyinin simvoludur. Başında firig şapkası var – bu, qədim dövrlərdə azad edilmiş qulların geydiyi baş örtüyü idi.
İkinci səbəb – çünki həm Fransa, həm də Azərbaycan qadınlarının incəsənət, elm, təhsil, sosial tərəqqi və azadlıq uğrunda apardıqları mübarizədə oynadığı mühüm rola görə fəxr edə bilər. Unutmaq olmaz ki, Azərbaycan ilk müstəqillik dövründə qadınlara tam siyasi hüquqlar verən ilk müsəlman ölkəsi olmuşdur. Bu axşam biz həmin qadınlara ehtiramımızı bildiririk – xüsusilə də keçən il burada olan, lakin bu il, öz iradələrindən asılı olmayaraq, iştirak edə bilməyən cəsur qadınlara xüsusi rəğbətlə.
Bu axşam mənim üçün, bu il də – və təəssüf ki, sonuncu dəfə – bir fürsətdir ki, Fransa səfirliyi və Fransız İnstitutu adından Fransa ilə Azərbaycan arasında iqtisadi, akademik və elmi, mədəni və təhsil sahələrində əlaqələrin yaşamasına və inkişafına töhfə verən bütün tərəfdaşlara təşəkkürümü bildirəm. Səfirlikdəki möhtəşəm komandama səmimi təşəkkür edirəm. Və xüsusi təşəkkürüm həyat yoldaşım Borisədir – o, məhz 14 iyul münasibətilə Fransadan xüsusi olaraq qayıdıb. Çünki o olmasaydı, bu bayram, bayram olmazdı!
Heç kimə sirr deyil ki, son illərdə ikitərəfli münasibətlər ciddi sınaqlardan keçmişdir. Lakin biz heç vaxt geri çəkilmədik. Burada iştirak edən və mənə bu axşam şərəf verən Parisdəki azərbaycanlı həmkarım, xanım Leyla Abdullayevanın səylərini də yüksək qiymətləndirmək istəyirəm. Əminəm ki, qarşıda daha sakit və konstruktiv günlər bizi gözləyir və nəhayət, dostluq qalib gələcək.
Fransa dünyanın hər yerində sabitliyin tərəfdarı olmaq istəyir – tərəfdaşlarının suverenliyinə və beynəlxalq hüquqa hörmətlə yanaşaraq, qlobal problemlərin həllində əməkdaşlığı üstün tutur. Bu səbəbdən, onun bu regionda düşmən ölkə kimi qəbul edilməsi üçün heç bir əsas yoxdur. Xüsusilə də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında irəliləyişlər müşahidə olunduğu bir vaxtda. Bakıda külək sərt əsir. Burada dik dayanmağı və ayaqları yerə möhkəm basmağı öyrənmək lazımdır. Lakin eyni zamanda bu külək, prinsip etibarilə, son buludları da tez dağılmağa məcbur edə bilər. Mən bunu – məni qarşıdakı aylarda əvəz edəcək həmkarıma da arzulayıram. Və o da bir qadın olacaq!
Diqqətinizə görə təşəkkür edirəm. Hər birinizə xoş və mənalı bir axşam arzulayıram! Vive la France! Yaşasın Azərbaycan!"
Tədbir qeyri-rəsmi hissə ilə davam edib, qonaqlara Fransa mətbəxin təamları təqdim olunub.