Dünyaca məşhur müğənni Castin Timberleyk “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Bakıda konsert verib. 44 yaşlı sənətçi iyulun 27-də Olimpiya Stadionunda möhtəşəm solo konsert proqramı ilə çıxış edib. Konsert iTicket Production və Dream Group International şirkətlərinin təşkilati dəstəyi ilə keçirilib.
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Castin Timberleyk, musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır. 90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberleyk, qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırdı. Həmin illərdə Justin, ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır. Justin-in uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.
Karyerası ərzində 54 milyondan çox albom və 63 milyondan çox sinql sataraq, Justin Timberlake dünya miqyasında bir ulduza çevrilib. Bakı Olimpiya Stadionunda, minlərlə insanın axın etdiyi konsertdə izdiham yaranıb. Castin Timberleyk gecədə ən populyar hitlərini səsləndirib, rəqsləri və səhnə şousu ilə dinləyicilərini əyləndirib. Köhnə hitlərlə yanaşı konsertdə yeni "Forget Tomorrow" albomundan yeni mahnılar yer alıb.
Castin Timberleyk Bakıda verdiyi konsert zamanı unudulmaz və maraqlı anlara imza atıb.Səhnə zamanı fanatlardan biri ona bir zərf təqdim edib və Timberleyk bu zərfi açaraq içindəki məlumatı səhnədən oxuyub. Zərfdə həmin fanatın doğulacaq körpəsinin cinsiyyəti yer alıb və Timberleyk bu xəbəri konsert iştirakçıları ilə bölüşərək, körpənin oğlan olacağını elan edib. Bu anlar zalda olan izləyicilər tərəfindən mobil telefon kameralarına çəkilib və sosial şəbəkələrdə sürətlə yayılıb. Fanatlara jesti və səmimiyyəti ilə seçilən müğənni, həmin anı da zarafatla və coşqu ilə qeyd edib, izləyicilərdən böyük alqış alıb.
Castin Timberleykin Bakı konserti böyük anşlaqla keçib və bu yayın ən böyük musiqi hadisəsinə çevrilib.