“Tacik tikmə dünyası” sərgisi açılıb

Sentyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil olunan “Tacik tikmə dünyası” adlı sərgi açılıb.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon, deputat, Azərbaycan–Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbroximzoda Safo çıxış ediblər. Natiqlər çıxışlarında Azərbaycan və tacik xalqları arasında əsrlərə söykənən dostluq və mədəni əlaqələrdən bəhs ediblər, bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyini vurğulayıblar.

Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunur. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim edilir. Bunlara Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri aiddir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutur.

Tacik tikmələri qadın sənətkarlar tərəfindən nəbati, həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzədilir. Onların üzərindəki hər bir naxışın, nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. Qeyd edək ki, 2018-ci ildə Tacikistanın “Çakan” tikmə sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 25-dək davam edəcək.