Bakıda Özbəkistanın müstəqilliyi qeyd olundu

24 sentyabr Bakıda Özbəkistanın müstəqilliyinin 34-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, doplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov  çıxış edib. "Əziz dostlar! Bu əlamətdar gündə sizi Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm! Özbəkistan və Azərbaycan xalqlarına sülh, firavanlıq və tərəqqi arzulayıram. Özbəkistan müstəqillik əldə etdikdən sonra suveren, sosial yönümlü, dünyəvi və hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl addımlar atır. Prezident Şövkət Mirziyoyevin rəhbərliyi ilə açıq siyasi, iqtisadi və siyasi islahatlar həyata keçirilir. Regional əməkdaşlıq, insan inkişafı, davamlı inkişaf və mədəniyyətə hörmət Özbəkistanın daxili və xarici siyasətinin əsas istiqamətləridir. 1995-ci ildə diplomatik münasibətlər qurulandan bəri , bizim ikitərəfli əməkdaşlıq çox səviyyəli strateji tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin Şövkət Mirzoyevlə mütəmadi görüşləri, qarşılıqlı səfərləri və şəxsi dostluğu ikitərəfli dialoq üçün yeni imkanlar açır. Bizim əməkdaşlığımız BMT, Türkdilli Dövlətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli formatlarda qarşılıqlı dəstəyə əsaslanır. Füzuli, Xoncəndi, Ağdam və Şuşa şəhərlərinə səfərlər edilmiş, möhtərəm prezidentlər Bakıda özbəkistanın səfirliyinin yeni binasının açılışında iştirak etmişlər. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun bu il iyunun 10-da Daşkəndə rəsmi səfəri də mühüm hadisə olmuşdur.
Hal hazırda Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən dəmir yolu və avtomobil dəhlizləri çərçivəsində birgə layihələr müzakirə olunur. Biz Azərbaycan Respublikası Milli Məclisinin qarşılıqlı humanitar və mədəni dialoqun inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk. Mədəni irs, gənclər mübadiləsi və ədəbi-bədii layihələr sahəsində birgə təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. Yaşasın Azərbaycan və Özbəkistan!",  səfir qeyd edib.

Sonra Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxış edib. O, Azərbaycan hökuməti adından qardaş özbək xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Gecə konsert proqramı və özbək mətbəxinin zəngin və rəngarəng təamlarından ibarət qala şam yeməyi ilə davam edib. Gecə ziyafətlə və maraqlı mədəni proqramla tamamlanıb.