Milli İncəsənət Muzeyində Anım Günü

Sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Anım Günü münasibətilə “Muzeydə kino” layihəsi çərçivəsində “Görünməyən qəhrəmanlar – 27 Sentyabr” adlı sənədli filmin nümayişi keçirilib. Tədbirin əsas məqsədi qəhrəmanlıq salnaməsini xatırlatmaq və Vətən müharibəsində canını fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək olub.

Ekran əsəri 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı Azərbaycan əsgər və zabitlərinin göstərdiyi rəşadəti, fədakarlığı və mənəvi dayanıqlığı əks etdirir. Filmdə cəbhə bölgəsində baş vermiş real hadisələr, döyüşlərin gedişatı, qəhrəman əsgərlərin  və ailələrinin yaşantıları sənədli materiallar və müsahibələr vasitəsilə tamaşaçılara təqdim olunur. Sənədli film iştirakçılarda dərin emosional təəssürat yaradıb, Anım Gününün mənəvi dəyərini bir daha hiss etdirib.  Səmimi və emosional atmosferdə keçən film nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

27 sentyabr- Anım gününə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə T. İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə xüsusi proqram təşkil olunub. Tədbirdə mühazirə, tematik ekskursiya və ustad dərsinə qatılan şagirdlər  muzeyin ekspozisiyası ilə tanış olaraq Azərbaycan rəssamlarının yaradıcılığında milli ruh və vətənpərvərlik mövzularının necə əks olunması barədə ətraflı məlumat əldə ediblər.

Ustad dərsində iştirak edən məktəblilər Qarabağın simvolu olan Xarı bülbülün rəsmini çəkiblər.