
Bakıda Çexiya Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. Çexiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə fəxri qonaq qismində Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov iştirak edib. Ümumi qonaqlar arasında isə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, deputatlar, ictima-siyasi xadimlər yer alıb.
Tədbiri açılış nitqi ilə Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek açıb və ölkəsinin Müstəqillik tarixindən söz açıb. M. Sedlaçek qeyd edib ki, Çexiya Azərbaycanın önəmli tərəfdaşıdır. "Azərbaycanın güclü və suveren rəhbərliyə sahib olması beynəlxalq arenada hazırkı şəkildə hərəkət etməsi və bununla da hörmət qazanması diqqətəlayiqdir", səfir qeyd edib.
Diplomat daha sonra 35 illik diplomatik fəaliyyətdən sonra səfir kimi bu günün, bəlkə də, onun sonuncu qəbul çıxışı olmasından söz açıb: "Ona görə də icazə verin, xüsusilə də Avropa və bəlkə də, Avropa İttifaqının mövcud vəziyyəti barədə fikirlərimi bölüşüm. Axmaqlıqla mübarizədə qalib olmaq mümkün deyil, amma bu mübarizəni aparmağa dəyər. Biz bu mübarizəni mənəvi üstünlük hissi ilə yox, cəmiyyətin həqiqətlə illuziyanı ayırd etməsi üçün məsuliyyət hissi ilə aparırıq. Əgər bu mübarizədən imtina etsək, bizi vətəndaş cəmiyyəti kimi bir arada saxlayan əsas duyğudan məhrum olarıq. Bizə yeni bir etnos lazımdır, mütləq deyil ki, bu, dini xarakter daşısın, amma insan ləyaqətini və ümumi prinsipləri qorumalıdır".
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Çexiyanı Dövlətçilik Günü münasibətilə təbrik edib. O əlavə edib ki, Çexiya Azərbaycanın önəmli ticarət tərəfdaşıdır: "Azərbaycan və Çexiyanın ticarət dövriyyəsi 2024-cü ildə 1,2 milyard ABŞ dolları olub. Bu ilin isəsəkkiz ayında ticarət dövriyyəsi 700 milyon dolları keçib".
Tədbir qeyri rəsmi hissə ilə davam edib, qonaqlara çex mətbəxin təamları təqdim olunub.


