Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edilib.Mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizmi imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdılıb.
Sım kəndi Astara şəhərindən 45 km şimal-qərbdə, ucqar dağlıq ərazidə yerləşir. Arxeoloji qazıntılar nəticəsində burada eramızdan əvvəl yaşayış yeri olduğu aydınlaşdırılıb. “Sım” sözü talış dilində “sıldırım”, “hündür”, yəni “qayalıqda yerləşən kənd” mənasını verir. Rəvayətə görə, Sım kəndinin adı Nuh Peyğəmbərin oğlunun adından – Samdan götürülüb, sonradan dəyişərək Sım olub.
Yerli sakinlərin sözlərinə əsasən, burada “Şahnamə” əsərində qeyd edilən pəhləvan Rüstəm Zalın oğlu Samın övladlarının tayfası yaşayıb. Qədimdə bu kənd pəhləvanlar məskəni olub. Buradakı Ute adlanan meydanda əvvəllər pəhləvanlar güləşirdilər. Yerli əhalinin sözlərinə görə, hazırda burada Səfəvi I Şah İsmayılın nəslindən olanlar yaşayırlar. Ərazidə tapılan maddi-mədəni nümunələr, əsasən, orta əsrlərə aiddir. Sasanilərin hakimiyyəti illərində Sım və ətraf kəndlərdə daş körpülər inşa edilib. Bu körpülərin qalıqları bu günədək qalmaqdadır. Kənddə, həmçinin e.ə. IV-III minilliklərə aid “Padşah taxtı”, XIV-XVII əsrlərə aid olan Ute və Çayu, IX-X əsrlərə aid edilən Sım yaşayış yerləri, üstündə Mixi (III minilliyin ortalarında eramizdan əvvəl istifadə edilən yazı) yazıları olan daşlar mövcuddur. Kəndin ərazisində çox sayda orta əsrlərə aid qəbiristanlıqların qalıqlarını görmək mümkündür.
Sım kəndində 74 bulaq, 4 şəlalə var. Şəlalələrin ən çox tanınanı kəndin 4-6 km yaxınlığında yerləşən Sım şəlaləsidir. O şəlaləyə getmək üçün Niva tipli maşınlardan istifadə etmək məsləhət görülük.
Mediatur zamanı vurğulanıb ki, regionlarda turizmin inkişafı, yeni destinasiyaların formalaşdırılması və turizm klasterlərinin yaradılması məqsədilə müxtəlif istiqamətdə tədbirlər görülür. Bu istiqamətdə Agentlik tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən Dövlət Turizm Agentliyi tərəfindən seçilmiş kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun turizm infrastrukturunun yaradılması layihəsi icra olunmaqdadır. Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünün yaxşılaşdırılması və kəndin abadlaşdırılması vasitəsilə turizm və onun ətrafında məşğulluq imkanlarının genişləndirilməsidir.
Bildirilib ki, “Turistik kənd” layihəsi Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, eləcə də Astaranın Sım kəndini əhatə edir. Qeyd olunub ki, layihə çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Sım kəndinin turizm potensialının qiymətləndirilməsi aparılaraq kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb. Həmçinin kənddə aqroturizmin inkişaf etdirilməsi və təşviqi məqsədilə həyata keçirilən layihələr haqqında məlumat verilib.
Sım kəndində aqroturizm və kənddə ənənəvi arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, nümunəvi arıçılıq təsərrüfatının yaradılması və turizmə inteqrasiya olunması üzrə, eləcə də Sım kəndində turizm infrastrukturunun və icma iştirakçılığının inkişafı üzrə DTA-nın dəstəyi ilə həyata keçirilən layihələr kəndin turizm potensialının genişləndirilməsinə xidmət edir.
Məlumat verilib ki, kənd yerlərində məşğulluğun artırılması məqsədilə Dövlət Turizm Agentliyi ilə müvafiq dövlət qurumlarının əməkdaşlığı çərçivəsində indiyədək həyata keçirilən layihələr üzrə qonaqlama xidməti göstərən kənd evləri müvafiq avadanlıqlarla təmin edilib, yerli sakinlər üçün qonaqlama, aqroturizm və bələdçilik üzrə təlimlər təşkil edilib, yerli bələdçilər hazırlanıb.
Qeyd edək ki, DTA-nın təşəbbüsü ilə turizm şirkətləri və blogerlər üçün cənub bölgəsinə, o cümlədən Sım kəndinə mütəmadi olaraq infoturlar təşkil edilib.