
13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin zəngin proqramı var. Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərginin açılışı olub. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, iki ölkənin mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edib. O, Türkmənistan Mədəniyyəti Günlərinin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Murad Hüseynov qeyd edib ki, Azərbaycan və Türkmənistan xalqlarını eyni kökdən gələn ortaq tarix, qədim ənənələr, mədəniyyətə və incəsənətə dərin hörmət birləşdirir: “Xalqlarımız arasındakı dostluq münasibətləri əsrlər boyu sınaqlardan keçərək möhkəmlənib. Bu gün həmin münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və birgə təşəbbüsləri nəticəsində daha da güclənib. Türkmənistan Mədəniyyəti Günləri bu əlaqələrin bariz təzahürüdür”.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından danışıblar. Türkmənistan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəni münasibətlərin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə türkmən xalqının kişi və qadın milli geyimləri, xalça, palaz kimi toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur. Ekspozisiyada həmçinin qardaş xalqın tarixi şəxsiyyətlərinin, eləcə də qədim mədəniyyət abidələri və müasir inkişafını əks etdirən fotolar nümayiş etdirilir.
Daha sonra Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.
Əvvəlcə gecənin aparıcıları Azərbaycan ilə Türkmənistanı qədim tarix və ortaq mədəni-mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıblar. İki ölkə liderlərinin müdrik siyasəti nəticəsində qardaş respublikalarımız arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Sonra səhnə qardaş ölkədən gəlmiş incəsənət nümayəndələrinin ixtiyarına verilib. Türkmənistanın tanınmış ifaçı və kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nömrələri, aşıq (baxşı) havaları ilə tamaşaçıların könlünü oxşayıblar. Proqramda bu il 140 illiyi dövlət səviyyəsində qeyd olunan, bir əsrdən çoxdur əbədiyaşar əsərləri ilə Mərkəzi Asiyanın dost ölkələrində, o cümlədən Türkmənistanda geniş şöhrət qazanmış dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına da yer verilib.
Konsert qardaş xalqlarımızın birlik və bərabərliyinə sənət töhfəsi kimi qəbul olunub, alqışlarla qarşılanıb. Bildirək ki, maraqlı proqramı olan Türkmənistan Mədəniyyəti Günləri paytaxtımızla yanaşı, Gəncə şəhərində də davam edəcək və bu müddət ərzində Bakıda və Gəncədə silsilə tədbirlər - sərgilər, konsertlər və görüşlər təşkil olunacaq.







