Musiqili Teatrın səhnəsində Yubiley konserti keçirilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri: Əməkdar artist Sabina Qasımova və Əməkdar mədəniyyət işçisi Mayra Almaszadənin möhtəşəm yubiley konserti keçirilib. Yubiley  tədbirində BXA-nın rəhbərliyi, müəllim-tələbə-şagird heyəti, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbirin birinci hissəsində Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələrinin təqdimatında Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" II pərdəli balet tamaşası da nümayiş edilib.

Tədbirin ikinci hissəsində Xoreoqrafiya Akademiyasının tələbələrinin, şagirdlərinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Bayram süitası", "Bulaq başında", "Şələqoy", "Yallı", "İlk Bahar", "Qaval", "Tablak" tacik rəqsi və s. rəngarəng rəqs nömrələri, klassik və müasir xoreoqrafiya nümunələri təqdim olunub.

Yubiley konsertinin sonunda isə yubilyar müəllimlər Azərbaycan xoreoqrafiya sənətinə verdikləri töhfələrə görə  Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Qeyd edək ki, konsertin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.