“Milli Opera İncilərimiz” konserti baş tutdu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsimizi və klassik opera sənətini yaşatmaq məqsədilə “Milli Opera İncilərimiz” maraqlı layihə təqdim edir. Bu layihə çərçivəsində növbəti möhtəşəm konsert proqramı keçirilib.

Konsertdə milli musiqi irsimizin nadir inciləri, Azərbaycan bəstəkarlarının yaratdığı ən parlaq opera nümunələrindən seçilmiş parçalar, eləcə də ilk dəfə səslənəcək yeni əsərlər tamaşaçıların ixtiyarına təqdim olundu.

Tədbir Teatrın simfonik orkestrinin müşayiəti və xor kollektivinin iştirakı ilə baş tutdu. Gecədə ölkənin tanınmış vokal ustaları – Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, habelə solistlər Mahir Tağızadə, Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə və Səma Həmzəyeva çıxış etdi.

Dirijor: Əyyub Quliyev, Əməkdar artist.
Xormeyster: Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi.
Rejissor: İnarə Babayeva, Əməkdar artist.
Konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.