
1- 2 noyabr Azərbaycan Dövlət Musiqili teatrın səhnəsində Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində TITIZÉ – A Venetian Dream tamaşası təqdim olundu.
Qeyd edək ki, festival 31 oktyabr - 16 noyabr (3 həftəsonu) tarixlərində keçirilir. Festivalın açılışı 31 oktyabr Bakı Dövlət Filarmoniyasında baş verib və açılışda Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Simfonik Orkestrı, Özbəkistanın pianisti Behzod Abduraimov və dirijor Aziz Shokhakimov iştirak edib.
Bu ildən etibarən festivalın hər il keçiriləcəyi gözlənilir. Daniele Finzi Pasca — Cirque du Soleil, Olimpiya mərasimləri və dünyanın aparıcı teatrları üçün səhnələşdirdiyi əsərlərlə tanınan əfsanəvi rejissor — TITIZÉ – A Venetian Dream adlı yeni poetik fantaziyasını Bakıda təqdim etdi.
Bu tamaşa sirk, teatr, akrobatika və musiqinin qovşağında yaranır, Venesiya ruhundan və yuxuların dilindən ilham alır. Səhnədə maskalar, əkslər, illüziyalar, havada süzən fiqurlar və qeyri-mümkün tarazlıqlar canlanır. Vizual metaforaya əsaslanan TITIZÉ, bütün yaş qruplarından olan tamaşaçıları poetik jestlər və səssiz dillə danışan klounların sehrli aləminə dəvət edir. Tamaşanın premyerası 2024-cü ilin iyul ayında Venesiyanın Goldoni Teatrında baş tutmuşdur. Səhnədə dünyanın 46 ölkəsində qastrol etmiş məşhur Compagnia Finzi Pasca teatr qrupundan olan 10 aktyor, akrobat və musiqiçi çıxış etdi.




