Zəfər Gününə həsr olunmuş konsert baş tutub

6 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Zəfər Gününə həsr olunmuş konsert baş tutub.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

Daha sonra bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor Qrupunun (xormeyster - Naala Baratelia) müşayiəti ilə solistlər Orxan Hüseynli (xanəndə), Almaz Orucova (xanəndə), Vəfa Vəzirova (xanəndə), Xəyyam Məmmədov (kamança), Nurlan Əzizbəyli (vokal), Nurlana Abdullayeva (vokal), Rəvanə Qurbanova (xanəndə), Xatirə Gülməmmədli (saz), Rəşad Həsənzadə (bariton), Səbinə Əlizadə (soprano), Taleh Yahyayev (bariton) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səslənib. Onların arasında: Firəngiz Əlizadə "Zəfər marşı", Əlibaba Məmmədov " Xudayar təsnifi", Polad Bülbüloğlu "Şən Azərbaycan" , Üzəyir Hacıbeyli "Cəngi", Emin Sabitoğlu "İncəbellim", Ramiz Mirişli "Doğma diyar", Niyazi "Qaytahı", Fərhad Bədəlbəyli "Anamız Azərbaycan", Müslüm Maqomayev "Odlar yurdu", xalq mahnısı "Ay Laçın" və s.

Konsert böyük coşqu ilə keçdi və hamının zövgünü oxşadı.