“Yeddi Gözəl” baletinin nümayişi keçirilib

11 noyabr  Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında görkəmli bəstəkar Qara Qarayevin üçpərdəli “Yeddi Gözəl” baletinin nümayişi keçirilib və bununla da “Balet günləri” layihəsinin bağlanışı olub.

Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib. Baletin librettosu Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında Y. Slonimski, Rəfiqə Axundova və Maqsud Məmmədov tərəfindən yazılıb.

Balet tamaşanın əsas rollarını səhnədə Timur Oduşev (Bəhram) və Yuliya Ferştandt (Ayşə) ifa ediblər. Onların duetlərində sevginin saflığı, itkinin acısı və insanın öz mənini dərk etmə ağrısı musiqi və hərəkətin dili ilə tamaşaçılara ötürülüb.

“Yeddi Gözəl”in hər biri - Ayan Eyvazova (Gözəllər gözəli), Məryam Şabakayeva (Hind gözəli), Səbinə Məmmədova (Bizans gözəli), Nigar Əliyeva (Xarəzm gözəli), Liana Praqa (Slavyan gözəli), Əməkdar artist Elmira Süleymanova (Məğrib gözəli) və Zəhra Tanrıverdiyeva (Çin gözəli) öz obrazlarının milli və bədii ruhunu incə plastika və zərif hərəkətlər ilə canlandırıblar.

Quruluşçu baletmeysterlər - Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədov səhnəyə həm milli kolorit, həm də bəşəri duyğular qataraq əsərin ideya dərinliyini müasir nəfəsdə təqdim ediblər. Quruluşçu rəssamlar — SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov və Əməkdar mədəniyyət işçisi Tehran Babayevin yaratdığı rəngarəng səhnə dünyası “Yeddi Gözəl”in simvolikasını — arzuları, illüziyaları və insanın özünü tapmaq axtarışını göz oxşayan bir tabloya çevirib.

Qeyd edək ki, oktyabrın 15-dən noyabrın 11-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə “Balet Günləri” layihəsi keçirilib. Layihə çərçivəsində klassik və müasir balet sənətinin ən gözəl nümunələri tamaşaçılara təqdim olunub.