"Emma" Rus Dram Teatrının səhnəsində

Azərbaycan Dövlət Rus Dram Teatrın səhnəsində "Emma" tamaşasının nümayişi keçirildi. Bir hissəli romantik melodrama Ceyn Ostinin eyni adlı romanının motivləri əsasında qurulmuşdur.

Quruluşçu rejissor – Raula Turkan.

Səhnələşdirmə – Azərbaycan Respublikasının Əməkdar Artisti İnna İmranova.

Səhnə tərtibatçısı – Mustafa Mustafayev.

Geyim üzrə rəssam – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova.

Musiqi tərtibatı – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverov.

Xoreoqraf – Azərbaycan Respublikasının Əməkdar Artisti Nigar Rzayeva.

Tamaşada iştirak edirlər:
Azərbaycan Respublikasının Əməkdar Artistləri: İnna İmranova, Milana Sokolenko, Salman Bayramov, eləcə də teatr aktyorları: Dilarə Nəzərova (Emma) , Rəşad Əliyarov, İbrahim Çingiz, Səbinə Asim, Rüfət Nəzərov, Səma Vəliyeva, Marina Litvinenko, Zaur Teregulov, Rumiya Ağayeva, Gövhər Şahbanova, Fərid Hüseynov, Fidan Ağaverdiyeva, Mirzəağa Axundzade.

Tamaşa incə yumoru, xarakterlərin dərin müşahidəsini və insan münasibətlərinin əbədi suallarını özündə birləşdirir. Səhnədə hazırcavablıq sadəlövhlük, qürur isə səmimi bağlılıqla yanaşı canlanır. Əsərin mərkəzində Emma Vudhaus – gözəl, ağıllı və varlı varisə dayanır. O, özünü ətrafdakıların taleyinə müdaxilə etmək hüququna malik hesab edir. Aradüzəltmək həvəsi dostlarının və qonşularının həyatını həm gülməli, həm də dramatik vəziyyətlərə çevirir. Amma bu “zərərsiz” məşğuliyyət qəhrəman üçün ciddi sınağa çevrilir, onu xətaları ilə üz-üzə qoyur və özünü kəşf etməyə məcbur edir.

Tamaşa əsərin psixoloji dərinliyini ön plana çıxarır: təkəbbür və şöhrətpərəstlik insanı yetkinliyə aparan dərs olur, həqiqi sevgi isə yalnız maskalar düşəndə mümkündür.