
Böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə ədəbi-musiqili gecə keçirildi.
Gecənin aparacısı— şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi.
Bu gün zəngin yaradıcılığı ilə adını Azərbaycan ədəbiyyatı tarixinə yazmış şairin anadan olmasından 190 il ötür. Seyid Əzim Şirvani milli poeziyamızın inkişaf tarixində incə ruhlu, lirik, cəmiyyətin sosial bəlalarını cəsarətlə tənqid edən satirik, əxlaqi-tərbiyəvi mənzum hekayələr və təmsillər müəllifi, ədəbiyyatşünas-təzkirəçi kimi məşhurdur.
Yazdığı şeirlərinin böyük əksəriyyətində xalqı qəflət və cəhalət yuxusundan oyatmağa çağırırdı. Əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də var. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış original əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. 19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla “Məclis” adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi. Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik edib. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində həmin məktəb fəaliyyətini dayandırmağa məcbur olur.
Onu sevməyənlərin sayı hər gün artırdı. 1879-cu ildə Seyid Əzimin “ipə-sapa yatmazlığından” cana doymuş hökumət nümayəndələri ilə ruhanilərin işbirliyi sayəsində müəllimlikdən kənarlaşdırılır. Lakin bəzi maarifpərvər insanların səyləri sayəsində Seyid Əzimi müəllimliyə qaytarmaq mümkün olur. Seyid Əzimin ölümü haqqında yazarkən bir qayda olaraq, “1888-ci il mayın 20-də Şamaxıda vəfat edib” cümləsi ilə kifayətlənirlər. Halbuki onun 53 yaşında qəfil ölümü ilə bağlı iddialardan biri sui-qəsd nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır. Böyük maarifçinin məscid qapısında yaradılan süni basabasda öldüyü də deyilir. Bir variantda isə onun möhvumatçı insanlar tərəfindən qətlə yetirildiyi söylənir.
Noyabrın 27-də Beynalxalq Muğam Mərkəzində keçirilən tədbirdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin qəzəllərindən ibarət muğam parçaları ifa olundu, bədii qiraətçilər şairin qəzəllərini səsləndirdilər.



