İki səs və əbədi eşq: “Şəbi Hicran” Heydər Əliyev sarayın səhnəsində

Azərbaycan muğam sənətinin zirvəsində dayanan Xalq artisti Alim Qasımov və onun sənət davamçısı, Əməkdar artist Fərqanə Qasımova iki ruhun ayrılıqda bütöv, hicranda əbədi olan eşq nəğməsi “Leyli və Məcnun” klassik ədəbi əsəri əsasında, quruluşçu rejissorlar əməkdar incəsənət xadimi Hafiz Quliyev və əməkdar artist Bəhruz Vaqifoğlu tərəfindən hazırlanmış, “Şəbi Hicran” adlı muğam kompozisiyasını təqdim etdilər.

Gecənin təşkilatçısı- Youth Event.

26 noyabr Heydər Əliyev Sarayında baş tutmuş musiqili tamaşada Alim Qasımov və Fərqanə Qasımova Füzulinin ölməz əsəri “Leyli və Məcnun”-u səhnədə aktyor Cavad Nur və aktrisa Jalə Novruzova ilə birgə muğamın incəlikləri və poeziyanın vəhdəti ilə canlandırdılar.

Alim Qasımovu və Fərqanə Qasımovanı tarda Zəki Vəliyev, kamançada əməkdar artist Rauf İslamov, nəfəs alətlərində Rəfael Əsgərov və zərb alətlərində Cavidan Nəbiyev müşayiət etdilər.

Əməkdar artist Nərgiz Əliyevanın bədii rəhbərlik etdiyi Qarabağ Orkestrının müşayiəti ilə baş tutan gecə həm muğam həvəskarları, həm də ədəbiyyat və teatr sevərlər üçün unudulmaz sənət hadisəsinə çevrildi.