Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş konsert

6 Dekabr “Jolly Joker” prestijli klubunda dünyada tanınmış, caz-muğam üslubunun banisi, Azərbaycan cazının əfsanəsi, Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş “Unudulmaz Maestro” adlı konsert keçirildi.

Tədbir VAQİF MUSTAFAZADƏ adına Xeyriyyə Fondu tərəfindən təşkil olunub.

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində İçərişəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", M"onte-Karlo") laureatı olmuşdur. 1979-cu ildə Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.1982-ci ildə, artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.

Gecənin aparıcısı- Saleh Bağırov. Konsert Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Bəhram Xəlilovun - Vaqif Mustafazadənin musiqisindən ilhamlanaraq, yaratdığı rəsmlərdən ibarət sərgi ilə müşayiət olundu.

Konsertdə Azərbaycan cazının ulduzları iştirak etdi:  Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” qrupu, Dünya şöhrətli pianoçu, Respublikanın Əməkdar artisti Şahin Növrəsli-trio və gənc ifaçı Murad Nəbizadə, Caz virtuoz pianoçu Ruslan Ağababayev (ABŞ), Fransadan gələn bəstəkar və pianoçu, Beynəlxalq müsabiqələr laureatı - Etibar Əsədli. Dünyada tanınmış bəstəkar, pianoçu, caz müğənnisi Aisel və məhşur saksofon ifaçısı Teymur Süleymanbəyli, Azərbaycanın estrada və caz müğənnisi, 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində ölkəmizin təmsilçisi və “O Səs Türkiyə” qalibi Elnur Hüseynov. Gecəni Respublikanın Əməkdar artisti, Vaqif Mustafazadə yolunun davamçısı, məhşur pianoçu və bəstəkar Emil Əfrasiyab maestronun əsərlərini ifa edərək tamamladı. Konsert böyük anşlaqla keçdi və hamının zövgünə oxşadı