
9 dekabr Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Fətəli Xan Xoyskinin 150 illiyinə həsr olunmuş konsert keçirildi.
Fətəli Xan Xoyski xalqımızın tarixində mühüm yer tutan şəxsiyyətlərdən biridir, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, ilk Baş Nazirimiz, görkəmli dövlət xadimidir.
Fətəli xan Xoyski təkcə dövrünün deyil, bütövlükdə Azərbaycan tarixinin ən müdrik və uzaqgörən liderlərindən biri idi. 1875-ci ildə Şəkidə anadan olan Fətəli xan ali hüquq təhsili almışdır. Onun əsas vəzifəsi öz xalqına xidmət etmək idi.1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri və xarici işlər naziri kimi, o, gərgin və çətin bir dönəmdə dövlətimizin əsasını qoydu. Bu ağır şərtlərdə Fətəli xan milli dövlət quruculuğu prosesini düşünülmüş və sistemli şəkildə idarə etməyi bacardı. Onun rəhbərliyi ilə Cümhuriyyət qısa zamanda milli ordu qurdu, təhsil və məhkəmə islahatları həyata keçirdi, ilk milli valyutamız tədavülə buraxıldı, qadınlara seçki hüququ verildi və ən nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti dünyanın bir sıra ölkələri tərəfindən tanındı.
Təssüflər olsun ki, mühacirətdə yaşadığı dönəmdə Tiflisdə 1920-ci ildə siyasi sui-qəsd nəticəsində qətlə yetirilmişdi. Lakin onun idealları və müstəqil Azərbaycan arzusu bu gün də yaşayır və reallığa çevrilib.
Konsertdə çıxış etdi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xoru. Gecənin dirijoru: İlahə Hüseynova. Solistlər: Almaz Orucova, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Xəyyam Məmmədov (kamança), Rəvan Qaçayev, Fərid Əliyev, Rəvanə Qurbanova, Xatirə Kərimova (saz) və Taleh Yəhyayev.
Gecədə Üzeyir Hacıbəylinin- “Cəngi”, Polad Bülbüloğlunin - “Şən Azərbaycan” və “Eşq və Ölüm” baletindən “Döyüşçülərin rəqsi”, Ramiz Mirişlinin - “Doğma diyar”, Emin Sabitoğlunun - “Dədə Qorqud” kinofilmindən mahnı, Azərbaycan xalq mahnısı - “Ay Laçın”, Əlibaba Məmmədovun “Xudayar təsnifi”, Niyazinin “Vətən nəğməsi” və “Qaytağı”, Dadaş Dadaşovun “Gözəldir”, Üzeyir Hacıbəylinin “Çırpınırdın Qara dəniz”, Süleyman Ələsgərovun - “Aşıqvari”, Fərhad Bədəlbəylinin “Anamız Azərbaycan”, Müslüm Maqomayevın “Azərbaycan” və “Odlar yurdu” əsərləri səsləndi.
Konsertdə səslənən hər bir musiqi parçası, bir tərəfdən sənətə, digər tərəfdən isə dahi şəxsiyyət Fətəli Xan Xoyskinin xatirəsinə ehtiramın səsi oldu.





