
19 dekabr M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Yalçın Adıgözəlovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dünya musiqisinin dahilərindən olan Johann Strauss'un 200 illik yubileyinə həsr olunmuş “Vyana meşəsinin sehrli nağılları” adlı musiqi gecəsi keçirildi.
Proqramda J.Strauss-un məşhur valsları, marşları və polkaları səsləndirildi. Klassik Vyana musiqisinin incə ruhunu yaşadan bu gecədə dinləyicilər “Yarasa” operettasından Uvertüra, “Bahar səsləri” valsı, “Gözəl mavi Dunay”, “Radetski marşı”, “Pizzicato-Polka”, “Tritsch-Tratsch-Polka” və bəstəkarın digər tanınmış əsərləri ilə nağılvari musiqi səyahətinə çıxdılar.
Gecənin solisti Selcan Fermor-Hesketh (soprano) J.Strauss-un “Yarasa” operettasından Adelinin məşhur “Mein Herr Marquis” ariyasını və “Bahar səsləri” valsını yüksək peşəkarlıqla ifa edərək, konsertə xüsusi rəng qatdı. Musiqili gecə "Valslar karalı" Johann Strauss'un yaradıcılığına böyük sevginin təzahürü olaraq, dinləyicilərə böyük zövq verdi.







