Azərbaycan İstiqlal Muzeyi

Ölkəmizdə ilk dövlət muzeyi olan İstiqlal Muzeyi dövlətçilik tariximizə, xalqımızın milli azadlıq mübarizəsinə, istiqlal ideyalarına və suverenlik yoluna dair eksponatların elmi əsaslarla toplanılması, öyrənilməsi və nümayiş etdirilməsi məqsədilə 1919-cu il dekabrın 7-də yaradılıb. Muzey Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, bir sıra müəssisələr kimi, bu muzeyin də fəaliyyəti dayandırılıb. Mədəniyyət ocağının fəaliyyəti 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa edilib. 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yenidən qapılarını ziyarətçilərin üzünə açıb. 
Muzeyin əsas fondunda 18 mindən çox eksponat qorunub saxlanılır. Azərbaycan dövlətçiliyinin tarixi yaddaşını qorumaq, müstəqillik ideyasının inkişafını cəmiyyətə çatdırmaq baxımından Azərbaycan İstiqlal Muzeyi zəngin bir xəzinədir. 

Muzey 6 zaldan ibarətdir.
Ekspozisiya zalları və buradakı eksponatlar böyük maraq doğurur. Girişdə diqqətimizi Azərbaycanın dövlət rəmzləri — Üçrəngli Bayraq, Dövlət Gerbi, Himni və Konstitusiyanı əks etdirən sənədlər cəlb edir. Burada, həmçinin XVIII əsrdə xanlıqlara bölünmə dövrü, Rusiya-İran müharibələri, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə dair materiallar da yer alır.
I zalda XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə aid materiallarda sərgilənir. Habelə ekspozisiyada 1918-ci ildə ölkəmizdə törədilən Mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətini tədqiq edən sənədlərin nümunələri, o dövrdə buraxılan poçt markaları, pul əskinazları nümayiş olunur. 
Muzeyin digər zallarında XX əsrin I yarısında Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatları, 1920-1950-ci illərdə törədilmiş repressiyalar, 1941-1945-ci illərdə azərbaycanlıların İkinci Dünya Müharibəsində iştirakı və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətinə ərazi iddiası ilə apardığı müharibə, ümumilikdə erməni terrorizmi barədə faktlar göstərilir. Muzeyin ekspozisiyasında XX əsrin sonunda Azərbaycan tarixinin səhifələrinə yazılmış 20 Yanvar, Xocalı faciəsi kimi dəhşətli hadisələr də öz əksini tapıb. Muzeyimizin VI zalı müasir dövrümüzə həsr olunub. Bu dövrdə Azərbaycanın iqtisadiyyatında, xarici siyasətində, ordu quruculuğunda, mədəniyyətində, idmanında inkişaf qeyd olunur. VI zalda müstəqil Azərbaycanın qurucusu – Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətləri əks olunub. Xüsusilə Azərbaycanın mədəni həyatında Heydər Əliyev Fondunun rolu qeyd olunur. 
Zalda svarovski daşları ilə bəzədilmiş “Qurani-Kərim” maraq yaradır. Muzeyin direktoru bildirir ki, müqəddəs kitabımız Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə nəşr edilib və bunun bir nüsxəsi də İstiqlal Muzeyinə təhvil verilib.