Motsartın 270 illiyinə həsr edilən konsert keçirilib

Yanvarın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Volfqanq Amadey Motsartın 270 illiyinə həsr edilən “Nadir klassik musiqi axşamı” keçirilib. Motsartın işıqlı və həyatsevər musiqisi kədər və sevinc, məğlubiyyət və qələbəni müşayiət edir. Dünyada elə bir insan yoxdur ki, onun musiqisindən təsirlənməsin.

Konsertin dirijoru - Əməkdar artist Əyyub Quliyev.

Konsertən öncə o KİV nümayəndələrə Motsartın yaradıcılığından söz açıb: "Volfqanq Amadey Motsartın yaradıcılıq irsinin dəqiq sayını müəyyənləşdirmək olduqca çətindir. Cəmi 35 illik ömründə dahi bəstəkar saysız-hesabsız əsərlər yaradıb. Biz isə bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Volfqanq Amadey Motsartın anadan olmasının 270 illiyinə həsr edilən konsertdə onun ən sevilən, eyni zamanda az ifa olunan əsərlərini səsləndirdik”.

Ə.Quliyev əlavə edib ki, növbəti konsert yanvarın 14-də dünya musiqi mədəniyyətinin görkəmli nümayəndəsi İohann Sebastyan Baxın yaradıcılığına həsr olunacaq.

Konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Proqramda solistlər Rəfiqə Quluzadə (piano), Şərif Bağırov (klarnet), Nina Makarova (mezzo-soprano), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Renata Abubəkirova (violin) və Rəna Rəhimova (viola) çıxış ediblər.

İstedadlı solistlərin ifasında proqramda Motsartın müxtəlif janr və üslublarda yazdığı əsərlərdən nümunələr təqdim edilib, bəstəkarın musiqi dilinin zənginliyi, melodik incəliyi və bənzərsiz üslubu tamaşaçılara çatdırılıb.