“Xortdanın Cəhənnəm məktubları” GTT səhnəsində

11 yanvar Gənc Tamaşaçılar teatrın səhnəsində “Xortdanın Cəhənnəm məktubları” tamaşası nümayiş olundu. Tamaşa Əbdürrəhim bəy Haqverdiyevın eyniadlı povesti əsasında qoyulub. Quruluşçu rejissor: Boris Mandjiyev (RF və Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi).

Baş rolların ifaçıları: Qurban İsmayılov (Xalq artisti), Şövqi Hüseynov (Əməkdar artist), Elnur Bəhramxan (Əməkdar artist), Leyla Vəliyeva (Əməkdar artist) Manaf Dadaşov, Səbinə Məmmədzadə, Zemfira Əbdülsəmədova, Ramil Şamiloğlu, Bəhram Əkiheydər.

Bir-birini təmiz məhəbbətlə sevən iki gənc - Fərmanla Gövhərtac mühitin ac qurşağına düşürlər. Hacı Kamyab qızının Fərmana getməsinə razıdır. Lakin arvadı qızından bəhrələnmək, onunla hörmət sahibi olmaq istəyir. Xudayar xan oğlu Gəray xana qızı almaq istəyir. Bu zaman Hacı Kamyab da, arvadı da bu izdivaca razılıq verirlər. Fərman başa düşür ki, artıq sevdiyi qızı ona verməyəcəklər. Hacı Kamyab Fərmanın qəlbini ələ almaq üçün onun anasına pul verir ki, alver eləsin, özünə iş qursun. Lakin Fərman qəbul eləmir. Çünki başa düşür ki, bu səxavətin arxasında nə dayanır.
Fərman Gövhərtacı qaçırdır. Tanınmış axund olan Əhməd ağanın evi salamatlıqdır deyə, Fərman qızı gətirib onun yanında qoyur. Kişinin gözü bu qıza düşür. Evi müqəddəs ev sayılan Əhməd ağa düşünür ki, Hacı Kamyab çox varlıdır. Bu sərvət Fərmanın əlinə keçincə, elə öz əlinə keçsin. Ona görə də qızın kəbinini özünə kəsir. Xalqın gözündə hörmət sahibi olacaqlarını düşünən qızın valideynləri, əslində iki gəncin ölümünə fərman verirlər.
 
Tamaşa böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.