
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 12 yanvar 2026-cı il tarixində Məhəmməd Füzulinin eyniadlı poeması əsasında Üzeyir Hacıbəylinin bəstələdiyi “Leyli və Məcnun” operasını klassik quruluşda Heydər Əliyev Sarayında tamaşaçılara təqdim edib.
Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin şah əsəri sayılan “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci il yanvarın 12-də səhnəyə qoyulmuş və Şərqdə ilk opera kimi tarixə düşmüşdür. Əsərin bu dəfəki nümayişi də məhz həmin əlamətdar tarixə təsadüf edib.
Tamaşada baş rolları Xalq artistləri Nəzakət Teymurova (Leyli) və Mənsum İbrahimov (Məcnun) ifa ediblər. Leylinin atası rolunda Taleh Yahyayev, anası rolunda Aytən Məhərrəmova, Məcnunun atası rolunda Mütəllim Dəmirov, anası rolunda isə Humay Məmmədova çıxış edib. Digər rollarda Fuad Əzizzadə (İbn Salam), Rza Xosrovzadə (Nofəl), Nəzər Bəylərov (Zeyd) və Məhəbbət Səfərov (Şeyx) yer alıblar.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeysteri isə Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə olub. Solo tarda Xalq artisti Elçin Həşimov, kamançada isə Əməkdar artist Elnur Əhmədov müşayiət ediblər.
Operanın məzmunu: Qeys bir məktəbdə oxuduğu Leyliyə aşiq olur və ona məhəbbətini etiraf edir. Onların sevgisi dillərə düşür, dedi-qodulara səbəb olur. Məcnunun atası Leyliyə elçi gedir, lakin rədd cavabı alır, qızı razılığı olmadan başqa qəbilə başçısı olan İbn-Salama ərə verirlər. Hicran dərdi Leylini əldən salır, o, Məcnunun xəyalı ilə vidalaşır və iztirab içində dünyasını dəyişir. Leylinin ölüm xəbərini alan Məcnun Leylinin məzarı üzərində fəryad edərək fələkdən gileylənir və sevgilisinə qovuşmaq üçün onun məzarını qucaqlayıb can verir.
Gurultulu alqışlarla qarşılanan tamaşa həm səhnə tərtibatı, həm də yüksək ifaçılıq mədəniyyəti ilə tamaşaçılarda dərin təəssürat yaradıb.




