Hindistanın milli bayramı - Respublika Günü qeyd olunmuşdur

Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi Bakıda milli bayramları - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirildikdən sonra Hindistanın ölkəmizdəki səfiri Şridxaran Madxusudxanan qonaqları salamlayaraq Azərbaycan və Hindistan arasında tarixən mövcud əlaqələrindən, ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söz açdı: "Bu gün biz Hindistanın 77-ci Respublika Gününü qeyd edirik. Bu mühüm tarix Hindistanın demokratik institutlarının davamlı gücünü bir daha nümayiş etdirir. Bu gün Hindistan vətəndaşları üçün Konstitusiyamızın əsas idealları olan — ədalət, azadlıq, bərabərlik və qardaşlıq — üzərində düşünmək və bu prinsiplərə sadiqliyi bir daha təsdiqləmək üçün milli əhəmiyyət daşıyan bir gündür. Siyasi sabitlik, güclü daxili tələbat, vaxtında həyata keçirilən islahatlar, eləcə də xidmət və istehsal sektorlarının aparıcı rolu Hindistanı yüksək artım yolunda irəlilətməkdədir.

Hindistan və Azərbaycan arasında dərin sivilizasiya və mədəni əlaqələr mövcuddur və bu əlaqələr 2025-ci ildə baş tutmuş bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə daha da möhkəmlənmişdir. Hindistan il ərzində Azərbaycan tərəfindən ev sahibliyi edilən AQEM çərçivəsində müxtəlif tədbirlərdə iştirak etmişdir.

İqtisadi tərəfdaşlığımız stabil kursu qoruyur. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 400 milyon ABŞ dollarını keçmişdir. Davamlı maliyyə əlaqələri Hindistanın aparıcı neft və qaz şirkəti olan ONGC Videsh Ltd-nin (OVL) “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz yatağında və Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri şirkətində uzunmüddətli investisiyaları ilə daha da möhkəmlənmişdir.

Hindistan və Azərbaycan arasında mədəni əlaqələr inkişaf etməkdə davam edir. Hind musiqisi, rəqsi və digər incəsənət növləri Azərbaycanda populyar olaraq qalır. Hindistan icma təşkilatlarının dəstəyi ilə biz orta hesabla ayda bir dəfə olmaqla çoxsaylı mədəni tədbirlər təşkil edirik və bu tədbirlərə yüzlərlə iştirakçı qatılır.

Xalqlararası əlaqələr Hindistan və Azərbaycan arasında birbaşa aviaəlaqələrin genişlənməsi sayəsində güclənmişdir; qısa müddət ərzində reyslərin sayı 2023-cü ildə həftədə 3-dən 2024-cü ildə həftədə 14-ə yüksəlmişdir. Hazırda isə tərəflər uçuşların sayının həftədə 42-yə çatdırılması barədə razılığa gəlmişdir.

Hindistan–Azərbaycan münasibətləri təhsil sahəsindəki mübadilələr vasitəsilə də möhkəmlənməkdədir. Hazırda Azərbaycanda təhsil alan təxminən 400 hindistanlı tələbə var. Hindistanlılar haraya gedirsə, harada yaşayırıqsa, müxtəlifliyə hörmət edir. Azərbaycandakı fəal Hindistan icması iki ölkə xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan, birgəyaşayış və əməkdaşlığın canlı nümunəsidir".

Tədbir bədii hissə ilə və milli mətbəxdən ibarət ziyafət ilə davam etmişdir.