
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində N.V.Qoqolun eyni adlı əsəri əsasında hazırlanmış “Müfəttiş” tamaşasının nümayişi uğurla keçib. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Nümayiş şəhər rəisi rolunu ifa edən Azərbaycanın Xalq artisti Cəfər Namiq Kamalın (Cəfər Əhmədovun) 75 illik yubileyinə təsadüf edir. Rus ədəbiyyatının görkəmli nümayəndəsi N. V. Qoqolun “Müfəttiş” əsəri mövzu və ideyasına görə bütün dövrlər üçün aktualdır. Məxfi müfəttişin gəlişindən xoflanan, vahiməyə düşən şəhər elitası peterburqlu kiçik bir çinovniki - cavan Xlestakovu yoxlama aparacaq dövlət məmuru kimi qəbul edir. Xlestakov əvvəl heç nə anlamasa da, sonra hər şey ona məlum olur və məmnuniyyətlə müfəttiş rolunu oynayaraq, işlərinin öhdəsindən gəlməyən riyakar, rüşvətxor məmurlardan külli–miqdarda rüşvət yığıb aradan çıxır. Onun gedişindən sonra yayılan xəbərdən hamı dəhşətə gəlir. Xlestakovun dostuna yazdığı məktub təsadüfən ələ keçir və məlum olur ki, əsl müfəttiş şəhərə indi gəlir.
Tamaşada Əməkdar artistlər: Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyarov, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev, Alfida Cəfərov, Aslan Şirin, aktyorlar: Nigar Güləhmədova, İlahə Həsənova, Məhsəti Tahirzadə, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Elnur Qədirov, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Tural İbrahimov iştirak ediblər. Nümayiş böyük uğurla keçib.






