“Muğamat axşamı” adlı konsert Beynəlxalq Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğamat axşamı" adlı konsert layihədir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. “Muğamat axşamı” və "Muğam dəstgahları" konsertləri ayda iki dəfə olmaqla muğamsevərlərin görüşünə gəlir.

2 fevral böyük anşlaqla keçən və Gənclər gününə həsr olunmuş konsertdə gənc və istedadlı muğam ifaçıları çıxış ediblər. Rəis Niftəliyev, Ülkər Abdullayeva, Dəniz Abbasova, Ədilə Əliyeva, Nuray Hacızadə, Vəliş Mirzəyev, Vüqar Əbilov, Daşqın Kürçaylı muğamlar, xalq mahnıları və təsniflərdən ibarət proqramla dinləyicilərin qəlbini oxşayıblar.

İfaçıları BMM-in solisti Rövşən Qurbanovun (tar) rəhbərliyi ilə instrumental ansambl – Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Rafael Əsgərov (balaban), Amil Mustafayev (nağara), Vasif Yusublu (ud) və Adəm Zərbəliyev (balaban) müşayiət ediblər. Konsert proqramı muğamsevərlər tərəfindən alqışlarla qarşılanıb. 

Qeyd edək ki, BMM “Muğam axşamları” layihəsini 2017-ci ildən həyata keçirir. Bundan əlavə mərkəzin musiqinin müxtəlif janrlarını əhatə edən “Aşıq musiqisi axşamları”, “Vokal musiqi axşamları”, “Unudulmayanlar” və digər layihələrinin konsertləri tamaşaçılar tərəfindən maraqla gözlənilir.