.jpg)
Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - İslam İnqilabının 47-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilib. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Müctəba Dəmirçilu qonaqları salamlayaraq xalqlarmıza və dövlətlərimizə sülh, sabitlik, tərəqqi və firavanlıq arzulayıb.
"47 il əvvəl, 1979-cu il fevralın 11-də İmam Xomeyninin rəhbərliyi ilə İran xalqının inqilabı parlaq qələbə qazandı. İki ay sonra keçirilmiş ümumxalq referendumu nəticəsində İslam dininin ali dəyərlərinə əsaslanan demokratik idarəetmə modeli — “İslam Respublikası” irsi və avtoritar monarxiya rejimini əvəz etdi. Bununla da İran dövləti minilliklərə söykənən zəngin tarixində yeni bir inkişaf mərhələsinə qədəm qoydu. İran İslam Respublikası qurulduğu ilk gündən öz siyasi xəttini müstəqillik, azadlıq, ədalət və hegemonluğun rədd edilməsi prinsipləri üzərində bərqərar etmişdir. Bu yol boyunca ölkə müxtəlif çətinliklər və sınaqlarla, o cümlədən siyasi təzyiqlər, hərbi təhdidlər, eləcə də qida və dərman vasitələrini belə əhatə edən hərtərəfli iqtisadi sanksiyalarla üzləşmişdir. 2025-ci ilin iyun ayında baş vermiş on iki günlük müharibə zamanı sionist rejimin və ABŞ-ın hərbi təcavüzü, habelə son həftələrdə bu prosesin yeni formalarda davam etdirilməsi qeyd olunan maneələrin bariz nümunəsidir. Qanuni və dinc etirazların məqsədli şəkildə iğtişaşlara və terror aktlarına yönəldilməsi, silahsız polis əməkdaşlarına və mülki şəxslərə qarşı hücumların təşkili, eləcə də son günlərdə müşahidə edilən hərbi müdaxilə üçün bəhanə yaradılması üzərində qurulan “hibrid müharibə” təkcə İranı deyil, bütövlükdə regionun sülh və təhlükəsizliyini təhdid edir. Şübhəsiz ki, İran İslam Respublikası xalqın dəstəyinə arxalanaraq bu təhdidlərin qarşısını alacaq və mövcud şəraitdən də uğurla çıxacaqdır.
İran İslam Respublikası öz suverenliyinin və milli təhlükəsizliyinin müdafiəsində qətiyyətli olduğu kimi, İran xalqının maraqlarının təmin edilməsi, eləcə də regional sülh və təhlükəsizliyin qorunması naminə diplomatiyaya sadiqliyini nümayiş etdirir. Diplomatiyanın əsasını milli suverenliyə hörmət və qarşılıqlı maraqlar təşkil edir; bu baxımdan təhdid, zorakılıq və birtərəfli, qeyri-qanuni imtiyaz tələblərinə əsaslanan danışıqların səmərəli nəticə verməsi mümkün deyildir", səfir qeyd edib.
Canab səfir çıxışında İran- Azərbaycan münasibətlərin inkişafındanda söz açıb: "İran İslam Respublikası balanslaşdırılmış xarici siyasət kursuna əsaslanaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional və beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir. İran regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və nüfuzlu bir aktor kimi daim sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün dialoqu, çoxtərəfliliyi və əməkdaşlığı dəstəkləmiş, bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq münasibətlərinin inkişafına çalışmışdır.
Bu kontekstdə dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də qohumluq bağlarına söykənir və qarşılıqlı maraqlar əsasında formalaşır. Bu günlər İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. İran İslam Respublikası 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə başlaması ilə ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm institusional əsas yaradılmışdır.
Ötən 34 il ərzində İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası yolunda prinsipial və dəyişməz mövqe nümayiş etdirmiş, hər zaman Azərbaycan dövləti və xalqı ilə həmrəylik nümayiş etdirmişdir. Bu gün də hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi nəticəsində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Prezidentlər və digər yüksək vəzifəli şəxslər arasında davamlı dialoq, enerji və nəqliyyat sahələri də daxil olmaqla birgə iqtisadi layihələrin icrası, eləcə də İqtisadi, Elmi və Mədəni Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclaslarının mütəmadi keçirilməsi bu prosesdə mühüm rol oynayır. Əminik ki, bu müsbət dinamikanın davamlılığı və möhkəmləndirilməsi sayəsində ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri yeni müstəviyə yüksələcək, xalqlarımız isə bu sarsılmaz tərəfdaşlığın bəhrəsini daha dərindən hiss edəcəklər".
Azərbaycan Respublikası Baş nazirinin müavini Cənab Şahin Mustafayev Azərbaycan hökuməti adından Cənab səfiri təbrik etdib, dost və qardaş İran xalqına sülh, sabitlik və firavanlıq arzuladı. "Azərbaycan ilə İran arasında münasibətlər əsrlərə söykənən tarixi köklərə, coğrafi qonşuluğa, xalqlarımızı birləşdirən mədəni və mənəvi dəyərlərə əsaslanır. Bu amillər dövlətlərarası münasibətlərimizin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Əlaqələr mehriban qonşuluq, suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etməkdədir. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan-İran əlaqələrinin inkişafı iki ölkə Prezidentlərinin siyasi iradəsindən irəli gəlir. Son dövrdə yüksək səviyyəli səfərlər, ölkələrimizin Prezidentləri arasında aparılan müntəzəm dialoq ikitərəfli əlaqələrin dinamik inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın gündəliyinin genişləndirilməsinə mühüm təkan vermişdir.
Bu kontekstdə ötən ilin aprel ayında İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə baş tutmuş rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu səfər ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açmış, səfər zamanı imzalanmış sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızı daha da möhkəmləndirmiş, qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki işbirliyinin dərinləşdirilməsinə əlverişli şərait yaratmışdır. Beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində ölkələrimiz sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə qarşılıqlı təmaslar və səfərlər mövcuddur. İkitərəfli əlaqələrimizin bir çox sahələrdə inkişaf dinamikası məmnunluq doğurur.
Azərbaycan-İran iqtisadi münasibətləri və əməkdaşlığı demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edir və uğurla inkişaf etməkdədir. Prezidentlərin tapşırıqlarının icrası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində - xüsusilə də nəqliyyat, enerji, ticarət, infrastruktur, kommunikasiya və bu kimi digər istiqamətlərdə layihələrin həyata keçirilməsi təmin edilir. Bu gün ölkələrimizin birgə həyata keçirdikləri mühüm layihələr regionda bağlantıların gücləndirilməsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal-Cənub və Şərq–Qərb istiqamətlərinin inkişafına, regionun logistika imkanlarının və tranzit potensialının genişlənməsinə xidmət edir.
İcrada olan birgə layihələr sırasında İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması çərçivəsində Ağbənd-Kəlalə və Ordubad-Siyahrud avtomobil yolları körpülərini, İran Astarasında Azərbaycan investisiyası ilə inşası davam edən quru yük dəmir yolu terminalını qeyd etmək olar. Azərbaycan və İran arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin gücləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığımızın genişləndirilməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", Cənab Şahin Mustafayev qeyd etdi.
Tədbir qeyri-rəsmi hissə ilə və ziyafətlə davam etdi.

.jpg)

