“Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” adlı tamaşanın premyerası keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Yuğ Teatrın uzun müddətdir gözlənilən “Mən – Dədə Qorqud: 1-ci epizod. Başlanğıc” adlı tamaşanın premyerası keçirilib. amaşa “Kitabi-Dədə Qorqud” dastanının birinci boyu əsasında qurulub və dünyada əlyazmanın orijinal dili olan oğuz ləhcəsində səhnələşdirilən yeganə nümunədir.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur. Tamaşada rolları Yuğ Teatrının aktyorları – Əməkdar artist Qasım Nağı və aktyorlar Amid Qasımov, Nigar Mürsəlova və Vüqar Hacıyev ifa edirlər.

Qeyd edək ki, bu ilin oktyabrında tamaşa Meksikada keçirilən 35-ci Beynəlxalq “Kimera” İncəsənət və Mədəniyyət Festivalında böyük uğurla nümayiş etdirilib.