
5 mart Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" musiqili tamaşasının premyerası keçirildi. Tamaşanın əsas leytmotivi Hüseyn Cavidin məşhur misralarıdır: “Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.
Xalq artisti Eyyub Yaqubov böyük səhnədə görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid obrazını canlandırdı. Layihədə Xalq artisti Mehriban Zəki (Müşkünaz), istedadlı aktyor Elşən Əsgərov (Ərtoğrul), tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi də iştirak ediblər.
Tamaşada Hüseyn Cavidin həyat yolunu əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi hekayəsi, dramaturqun möhtəşəm pyeslərindən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında səslənən sevilən mahnılar yer aldı.
Premyera böyük anşlaqla keçdi.





