
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli fransız bəstəkarı, səs rənglərinin möhtəşəm ustası və musiqi impressionizminin görkəmli nümayəndəsi Moris Ravelin 150 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Ravelin əsərləri canlı ifada özünəməxsus poetik şəffaflığı, incəliyi və tembr rənglərinin möhtəşəm harmoniyası ilə seçilir.
Gecədə istedadlı gənc musiqiçilər Fəqan Həsənli, Elçin Məmmədov, Mehriban Süleymanova, Zərif Kərimova (piano), Şəhla Əlizadə (arfa), Nərgiz Əliyeva (fleyta), Zərrin Əliyeva (violin) və İbrahim Nağıyev (violonçel) çıxış etdilər. Onlar "Əkslər" silsiləsindən "Gecə kəpənəkləri", "Ma Mere İ Oye", "Violin və piano üçün 1 nömrəli Sanata", "İspan rapsodiyası"ndan "Gecə prelüdü" və "Habanera", "Qaraçı rapsodiyası", "Vokaliz" və Ravelin digər məşhur əsərlərini ifa etdilər. "Universitet Təməl Kursu" Təhsil Mərkəzinin tələbələri də konsertdə iştirak edərək, hər əsərdən əvvəl məşhur fransız şairlərinin şeirlərini fransız dilində səsləndirdilər.
Bu konsert Ravelin musiqisini məhz onun arzuladığı şəkildə — yaxın, səmimi və sanki qəlbinizin daxilindən keçirmiş kimi eşitmək üçün nadir bir imkan oldu.







