
Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü tamam oldu. Bu tarix 13 ildir ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir. Əlamətdar gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 1 mart 2013-cü il tarixli Sərəncamı ilə təqvimimizə yazılıb. Bu münasibətlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı (AXTİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Akademik Milli Dram Teatrında təşkil olunan tədbirə ölkəmizlə yanaşı, Türkiyə və Özbəkistanın teatr xadimləri, bu sahə üzrə aparıcı qurumların rəhbər və nümayəndələri qatılıblar. Tədbirdə dövlət və hökumət nümayəndələri, teatrın əməkdaşlıq haqqında Memorandum imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri, mədəniyyət xadimləri, Azərbaycanın paytaxt və bölgə teatrlarının rəhbərliyi və əməkdaşları iştirak edib.
Tədbir çərçivəsində teatrın foyesində təşkil olunan “Türk dünyası: ortaq köklər və dəyərlər” adlı sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı ilə başlayan tədbirdə Prezident İlham Əliyevin teatra göstərdiyi diqqət və qayğı qeyd olunub, mədəniyyət naziri Adil Kərimlinin tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov və Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycan teatrın tarixi və bugünkü uğurları haqqında çıxış edib. Qeyd olunub ki, Azərbaycan teatrları öz repertuarını zənginləşdirməklə yanaşı, müxtəlif beynəlxalq festivallarda Azərbaycanı uğurla təmsil edir.
Milli Teatr Günü münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən təntənəli tədbirdə bir sıra sənət xadimləri təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı Özbəkistan və Tacikistanın Xalq artisti Yodqar Sağdiyevə, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının Genel Müdiri Tamer Karadağlıya, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Xalq artisti Cahangir Novruzova, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş bədii rəhbəri Ayşəgül İşseverə, həmin teatrın aktrisası, Əməkdar incəsənət xadimi Məlahət Kalyoncuya, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərova, Xalq artistləri Samir Cəfərov və Mehriban Zəkiyə, eləcə də Əməkdar artist Anar Heybətova təqdim olunub.
Tədbirin ikinci hissəsində gənc yazıçı Pərviz Seyidlinin “Ləng” (“Zamanla yarışan hökmdar”) əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib. Türk dünyasının ən qüdrətli dövlət xadimi və sərkərdələrindən biri olmuş Əmir Teymurun həyatından, fəthlərindən bəhs edən, milli kimlik və milli özünüdərk ideyasını ehtiva edən yeni tamaşanın quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, ikinci rejissoru Nigar Güləhmədova, səhnə tərtibatçısı İsa Əsədov, geyim üzrə rəssamı Aygün Mahmudova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Ceyran Başarandır.
Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov (Teymur), Anar Heybətov (Toxtamış), Kazım Həsənquliyev (Qiyasəddin), Ayşad Məmmədov (Keşiş), Elşən Cəbrayılov (Makro), aktyorlar Afət Məmmədova, Nigar Güləhmədova (Saray xatun), İlahə Həsənova (Anna), Vüsal Mustafayev (Lal) rol alıb.





