
Martın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində “Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi” adlı sərgi açılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı və Özbəkistanın Azərbaycandaki səfirliyinin, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının dəstəyi ilə keçirilən layihə Daşkənd tikmə məktəbinin dirçəldilməsi və əsərləri böyük ənənənin müasir davamının nadir nümunəsinə çevrilmiş sənətkar Mədinə Kasımbayevaya həsr olunub.
Sərginin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodir, özbək tikmə sənətinin tanınmış nümayəndəsi Mədinə Kasımbayeva, Özbəkistan Respublikası "Hunarmand" Assosiasiyasının sədri Rasuljon Mirzaahmedov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər.
Çıxışlarda süzəni sənətinin Orta Asiya dekorativ-tətbiqi sənətində tutduğu mühüm yer, Özbəkistanın zəngin tikmə ənənələrinin qorunması və təbliğinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu sərgi Azərbaycan və Özbəkistan arasında yüksək mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də iki xalqın ortaq sənət ənənələrinin təbliğinə öz töhfəsini verəcək.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodirin kuratorluğu ilə təşkil olunan “Süzəninin yaranışı. Bir tikmə ustasınln hekayəsi” adlı sərgi sadəcə sənətkarlıq haqqında nəql deyil. Bu, ənənənin mədəniyyətə muzey “keçmişi” kimi deyil, bu gün tamaşaçı ilə ünsiyyət quran canlı bədii dil kimi qayıdışının hekayəsidir. Ekspozisiyanın mərkəzi eksponatı özbək tikmə sənəti tarixində ən iri əsərlərdən biri - ölçüsü 5,30 x 8 m olan “oy-palyak” süzənisidir. Belə əsərlər hər zaman xüsusi “dünya mənzərəsi” kimi qəbul olunub, burada ornament sadəcə bəzək yox, mənalar sistemidir. Kompozisiya kainat obrazı kimi qurulur: dairəvi medalyonlar kosmik xəritəyə çevrilir, mərkəzdəki iri rozetka-medalyon isə işıq və istilik mənbəyi olan günəşi simvolizə edir. Sənətkar ənənəvi Daşkənd “palyak” üslubuna sadiq qalaraq incə müəllif motivləri əlavə edir, lakin ilkin kanonun harmoniyasını pozmur. Əsərin yaradılma prosesi də xüsusi əhəmiyyət daşıyır. “Oy-palyak” Mədinə Kasımbayeva və onun 15 şagirdi tərəfindən “ustoz-şogird” (usta və şagird) ənənəsi əsasında, üç il yarım müddətində kollektiv şəkildə işlənib. Burada ənənənin mahiyyəti aydın görünür: o, əldən-ələ ötürüldükcə zəhmət, intizam və forma duyumu vasitəsilə yaşayır.
Sərgidə nümayiş olunan zərif əl işləri, xüsusilə ənənəvi suzani sənətinin incəliklərini əks etdirən nümunələr zəngin mədəni irsin və yüksək sənətkarlığın bariz ifadəsi kimi diqqəti cəlb edir.






