"Azərxalça” ASC ilə Qarabağ FK arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı


Mart ayının 17-si “Azərxalça” ASC və “Qarabağ Futbol Klubu” (Qarabağ FK) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və sərgi salonunda baş tutan tədbirdə imzaları “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və Qarabağ FK-nın Prezidenti Tahir Gözəl atıb. Görüş zamanı Azərbaycanın qədim xalçaçılıq sənətinin ənənələri ilə futbol mədəniyyətinin vəhdətini əks etdirən, Qarabağ FK-nın brend dəyərlərini təbliğ edən limitli xalça kolleksiyasının yaradılması, istehsalı və satışı üzrə tərəflər arasında əməkdaşlığın əsas prinsipləri müəyyən olundu. Anlaşma memorandumu tərəflərin ən qabaqcıl təcrübəsini paylaşmaqla, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi,  qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulması kimi vacib addımları dəstəkləyir.

Bundan sonra hər iki tərəf  Qarabağ FK-nın rəsmi atributlarını, Qarabağ atlarını və Qarabağ bölgəsinə xas milli ornamentlərini, eləcə də Azərbaycan milli-mədəni irsini əks etdirən elementlərini özündə birləşdirəcək yeni xalça dizaynlarının yaradılması, onların çeşnilərinin işlənib hazırlanması, hazırlanmış çeşnilərə uyğun məhdud sayda xalça kolleksiyasının yaradılması, istehsal edilən məmulatların dünya bazarlarına çıxarılması və marketinq siyasətinin müəyyən edilməsi, tərəflərarası əməkdaşlıq kontekstində proqram və layihələrin həyata keçirilməsi və  tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirdikləri istənilən digər sahə üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edəcəklər.

Çıxışlar zamanı həm Emin Məmmədov,  həm Tahir Gözəl  milli irsimizin qorunması, xalçaçılıq sənətinin inkişafı sahəsində fəal əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmış memorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib.

Əməkdar incəsənət xadimi Emin Məmmədov xüsusi vurğulayıb ki, “Azərxalça” ASC həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən bütün tədbir və sərgilərdə Qarabağ xalçalarını və ümumilikdə mədəniyyətini təbliğ edir. Bildirilib ki, öz növbəsində “Qarabağ” futbol klubu da "Qarabağ" adını və bu bölgənin həqiqətlərini beynəlxalq səviyyədə futbol vasitəsilə mütəmadi olaraq təbliğ edir. “Qarabağ” futbol klubunun Azərbaycan futbolu üçün etdikləri həm yerli çempionatın səviyyəsinin yüksəlməsinə, həm də ölkə futbolunun beynəlxalq arenada tanınmasına birbaşa xidmət edir. Klub hazırda Cənubi Qafqazın futbol lideri hesab olunur.