“Aydın” tamaşasının premyerası keçirilib

18 -19 mart Azərbaycan Dövlət Akademik Milli Dram teatrın səhnəsində “Aydın” tamaşasının premyerası keçirilib. Cəfər Cabbarlının 1919-cu ildə qələmə aldığı “Aydın” əsəri milli ruhlu, qadın azadlığına həsr olunan, dövrünün sosial məsələlərini əks etdirən, Azərbaycan peşəkar teatrının formalaşmasında əhəmiyyətli rol oynayan əsərlərdəndir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Vüqar Məmmədovdur.
 
Yeni səhnə əsərində əməkdar artist Elnar Qarayev, aktyor Elçin Əfəndi (Aydın), aktrisalar Lalə Süleymanova, Nəzrin Abdullayeva (Gültəkin), aktyorlar Rüstəm Rüstəmov (Surxay), İlyas Əhmədov (Dövlət bəy), aktrisalar Sevinc Əliyeva, Ləman İmanova (Böyükxanım), əməkdar artist Kazım Həsənquliyev (Novruz), aktyorlar Mətləb Abdullayev (Balaxan), Ramin Şıxəliyev (Mirzə Cavad), aktrisa Güney Əkbərova (Susanna), aktyorlar Muhuma Sahov, Məmməd Məmmədli (Qurban), Əli Nurzadə (tələbə), Fərid Qarayev (Şantanlakey), aktrisalar Məhsəti Tahirzadə, Nərminə Məhərrəmova, Rəbbilə Ələkbər-zadə (Kazino rəqqasələri) iştirak edirlər.

“Aydın” yeni fikirli, azad düşüncəli bir gəncin faciəsindən bəhs edir. Əsər Azərbaycan dramaturgiyasında yeni düşüncənin və maarifçi ideyaların ifadəsi kimi mühüm yer tutur. Aydın obrazı isə cəmiyyət tərəfindən anlaşılmayan, lakin həqiqət uğrunda mübarizə aparan gəncin simvoludur.

Əsrin əvvəllərindən güclü neft tüğyanları və altun yığımlarının məkanı olmuş Bakı minlərlə Aydın kimilərini heçə döndərir. Aydın hər şeyini — ailəsini, məhəbbətini, cəmiyyətdə tutduğu mövqeyini, normal ruhi vəziyyətini itirərək “səfillər kralı” olur. O, dəhşətli cismani və ruhi əzablara düçar olsa da, mənəvi gözəlliyini, insani saflığını itirmir. Lakin yaşadığı mühit onu anlamır. Cəmiyyətin təzyiqi, mənəvi tənhalıq və daxili ziddiyyətlər Aydını sarsıdır. O, öz idealları ilə reallıq arasında sıxılır və nəticədə faciəvi aqibətlə üzləşir.

Premyera böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.