"Şəhrizad" və “Xanım və xuliqan” baletlərin nümayişi keçirildi

8 aprel Opera studiyasının səhnəsində "Şəhrizad" və  “Xanım və xuliqan” balet tamaşaların nümayişi keçirildi. Dirijor - Mustafa Mehmandarov.

"Şəhrizad" baleti görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında hazırlanıb, klassik quruluşda xalq artisti Tamilla Şirəliyevanın redaksiyasında səhnəyə qoyulub. Şəhrizad Zibeydə partiyasını balet truppasının aparıcı solisti –Ayan Eyvazova ifa edir. Tamaşada digər əsas partiyalarda  Aleksandr Suldin, Faiq Qubatov , Seymur Qədiyev, İqor Kuznetsov çıxış edib. Qeyd edk ki, "Şəhrizad" simfonik süitası Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli musiqilərdən, eyni zamanda rus simfonik musiqisinin zirvəsində duran əsərlərdən biridir. N.Rimski-Korsakov bu əsəri 1888-ci ildə qələmə alıb. Əsər çox populyar olub, tez-tez dünyanın ən yaxşı orkestrləri tərəfindən ifa olunur. "Şəhrizad" ənənəvi klassik xoreoqrafiya əsasında 1910-cu ildə Mixail Fokin tərəfindən səhnəyə qoyulub.

Dmitri Şostakoviçin “Xanım və xuliqan” baleti rus balet sənətinin incilərindən sayılır. Baletin quruluşçu- baletmeysteri Rusiyanın Əməkdar İncəsənət Xadimi, Sankt-Peterburqun Mixaylovski adına Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Sergey Moxnaçov. Tamaşanın süjetini faciəli məhəbbət tarixçəsi təşkil edir. Məhəbbət həqiqətən də insanı dəyişir, onun daxilində olan ən təmiz, müqəddəs, yüksək hissləri oyadır. Lakin həyat çox amansızdır və qəhrəman sevgisi uğrunda canını qurban verir... Baş rollarda : Dinarə Məmmədova (Xanım), Timur Oduşev (Xuliqan), Faiq Qubatov - Başçı, Nigar Əliyeva (başçının rəfiqəsi).

Dmitri Şostakoviçin və Rimski-Korsakovun  parlaq və gözəl musiqisi, quruluşların orijinal xoreoqrafiyası, zəngin dekorasiya və səhnə kostyumları tamaşaçıların zövgünə oxşadı.