
Aprelin 9-da Azərbaycan Milli İncəsənət Muzeyində müasir təsviri sənətin tanınmış nümayəndəsi, Əməkdar rəssam Vüqar Əlinin əsərlərindən ibarət “Zamanın qanadlarında. Vüqar Əli” adlı sərginin açılışı və eyniadlı kitabın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent Şirin Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, kitabın müəllifi, ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış ediblər. Onlar öz çıxışlarında rəssamın əsərlərində milli-mənəvi dəyərlərin, nağıl motivlərinin və simvolik obrazların xüsusi yer tutduğunu vurğulayıblar. Həmçinin rəssam haqqında Sevil Kərimova tərəfindən yazılmış monoqrafiyanın əhəmiyyəti qeyd olunub. Azərbaycan və ingilis dillərində hazırlanmış nəşrdə rəssamın obrazlar sistemi, simvolik dili və plastik ifadə vasitələrinin milli- mədəni kodlarla əlaqələndirərək daha geniş kontekstdə təqdim olunduğu bildirilib.
Sonda Vüqar Əli çıxış edərək sərginin və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və qonaqları sərgi ilə tanış olmağa dəvət edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunur. Vüqar Əlinin ənənə və müasirliyin vəhdəti ilə seçilən əsərlərindən ibarət sərginin konsepsiyası rəssamın yaradıcılığına ümumi baxış üzərində qurulub. Onun əsas mövzularından biri olan və milli nağıl motivlərindən qaynaqlanan Nar qızı, Nargilə və Nar pərisi obrazları fərdi estetik yozumda təqdim edilir. 1980-ci illərdən etibarən bu mövzu rəssam üçün tükənməz ilham mənbəyinə çevrilib, müxtəlif rakurs və formatlarda yeni bədii interpretasiyalarla zənginləşdirilmişdir. Sərgidə nümayiş olunan əsərlər yalnız təsvir olunan süjetlə kifayətlənmir, eyni zamanda rəssamın daxili dünyasını, emosiyalarını, enerjisini və gözləntilərini tamaşaçıya ötürür. Üslubi həll Vüqar Əlinin formalaşmış dəst-xəttini əks etdirməklə yanaşı, mürəkkəb inkişaf prosesini də nümayiş etdirir. Rəssam ənənəvi akademik məktəbin nailiyyətlərini avanqard yanaşma ilə sintez edərək formanı deformasiyaya uğradır və yeni plastik həllər yaradır. Rəng və ritm vasitəsilə isə kompozisiyalara dinamiklik qazandırır.
Rəssamın yaradıcılığında elm və sənətin vəhdəti xüsusi yer tutur. Professor Xudu Məmmədovun ideyalarından təsirlənən rəssam kristalloqrafiyanın prinsiplərini ornamental təsvirlərlə əlaqələndirir. Bu yanaşma onun yaradıcılığında həm struktur, həm də estetik səviyyədə özünü göstərir. Son dövrlərdə isə onun yaradıcılığında həcmli kompozisiyalar və Azərbaycan miniatür sənətinə maraq daha qabarıq şəkildə müşahidə olunur. Əsərlərdə plastik və zərif siluetlər qədim arxetiplərlə səsləşir, musiqi və muğamla assosiativ bağlılıq yaradır. Fiqurların dinamikası və kompozisiya quruluşu vizual harmoniyanı təmin edərək ümumi ekspozisiya mühitinin bədii ovqatını formalaşdırır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın müəllifi olduğu “Zamanın qanadlarında. Vüqar Əli” monoqrafiyasında rəssamın həyatı və yaradıcılıq mərhələləri, estetik baxışlarının təkamülü və milli-mənəvi dəyərlərə münasibəti ardıcıl şəkildə təhlil edilir, onun fərdi üslubu tarixi-mədəni kontekstdə elmi-publisistik yanaşma ilə əksini tapır.
Sərgi 15 aprel 2026-cı il tarixinədək davam edəcək.






