"Milli opera inciləri" layihəsi çərçivəsində konsert

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Opera və Balet Teatrının simfonik orkestri və xor kollektivinin ifasında "Milli opera inciləri" layihəsi çərçivəsində konsert proqramı təqdim olunub.

Konsertə Əməkdar artist, baş dirijor Əyyub Quliyev rəhbərlik edib. Proqramın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Konsertdən əvvəl çıxış edən Əyyub Quliyev proqramda yer alan əsərlərin seçilmə prinsiplərindən danışıb. O bildirib ki, bu gün təqdim olunan əsərlərin bir çoxu bərpa edilərək uzun illər sonra yenidən səsləndirilir. Bu isə konsertin həm musiqi irsinin dirçəldilməsi, həm də unudulmuş və ya az ifa olunan operaların yenidən dinləyici auditoriyasına çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını göstərir.

Baş dirijor vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi opera sənətinin inkişafı, milli musiqi irsinin təbliği və klassik ənənələrin qorunaraq yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konsert Üzeyir Hacıbəylinin “Milli marş” əsəri ilə başlayıb. Daha sonra bəstəkarın “Şeyx Sənan” operasından "Müqəddimə", Müslüm Maqomayevin “Nərgiz” operasından iki xor səhnəsi və "Şah İsmayıl" operasından səhnə səsləndirilib. Proqram çərçivəsində, həmçinin Reynhold Qlierin “Şahsənəm” operasından “Qonaqların gəlişi”, “Dostların xoru”, “Rəfiqələrin xoru”, “Qızların rəqsi”, “Kişilərin rəqsi”, Qara Qarayevin “Vətən” operasından xor, Ramiz Mustafayevin "Vaqif" operasından iki rəqs, Siyavuş Kəriminin “Nəsimi” operasından Fatimənin xor səhnəsi “Kəpənəklər” xoru və digər əsərlər ifa olunub. Gecənin sonunda Firəngiz Əlizadənin "Intizar" operasından Yeddinci şəkil səslənib. Konsertdə Əməkdar artist Təyyar Bayramov, solistlər Nazim Mahmudov, Günel Hacıyeva, Nigar Cəfərova, Fatimə Cəfərzadə və Rəvanə Əmiraslanlı çıxış ediblər.

Konsert anşlaqla keçib və böyük maraqla qarşılanıb.