
Opera Studiyasında görkəmli bəstəkar, Xalq Artisti Cahangir Cahangirovun “Xanəndənin taleyi” operası nümayiş olundu.
1978-ci ildə qələmə alınan “Xanəndənin taleyi”ndə əslən Nardarandan olan Mirseyid Babayev adlı xanəndədən danışılır. Bu şəxsin möhtəşəm səsinin olmağına baxmayaraq, çox acınacaqlı həyat tərzinə malik biri kimi tanınıb. Milyoner kimi məşhurlaşan Mirseyid Babayev sonradan xanəndəliyi özünə sığışdırmır. Nəticədə ölkəni tərk edir, Fransaya gedir. Orada da müflisləşir. Bütün vallarını məhv edərək yerdə qalanları da baha qiymətə alıb sındırır ki, keçmişindən heç nə qalmasın. Bütün var-dövlətini itirir və Parisdə mağazaların birində bir valı qalır, onu almağa imkanı çatmır. Elə olur ki, Azərbaycandan gedən adamlar onu görürlər, tanıyırlar və həmin valı alıb ona verirlər. Sonucda o valda əlindən düşüb sınır. Sonra onu İrana gətirirlər, ömrünün axırınadək burada balaca çayxanada oxuyaraq pul qazanır. O, elə sənətkar olub ki, xarici ölkədə o vaxt valı çıxıb. Əsərin mahiyyəti budur ki, vətəninə və sənətinə sadiq olmayan kimsə hansısa nailiyyət qazana bilməz.
Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar Artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır. Operada əsas partiyanı Əməkdar Artist İlkin Əhmədov canlandırıb. Həmçinin səhnə əsərində Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev, çıxış ediblər.
Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb.



