“Qətibə İnanc” Milli Dram Teatrın səhnəsində

Akademik Milli Dram Teatrında “Qətibə İnanc” tamaşası nümayiş olunub. İki hissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib. Qeyd edək ki, ilk dəfə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini 1977-ci ildə tamaşaya qoyulub.

Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan səhnə əsərində rəsmlərin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur. Baş rolları Qətibə İnanc – Xalq artisti Bəsti Cəfərova, Nizami – Xalq artisti Sabir Məmmədov, Qızıl Arslan – Rüstəm Rüstəmov, Hüsaməddin – Əməkdar artist Rövşən Kərimduxt, Fəxrəddin – İlyas  Əhmədov, Toğrul – Ayşad Məmmədov (Əməkdar Artist), Səba – Şəhla Əliqızı, Gənc Qətibə – Fidan Cəfərova, Qutluğ – Elnur Qədirov.

Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvanla ailə həyatı qurur, ondan Qutluğ adlı oğlu olur. Qətibə İnanc bütün həyatını intriqala və qisas almağa həsr edir. Amma sonda başqalarına qurduğu tələyə özü düşüb, məhv olur.

Tamaşa böyük uğurla keçib.