"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

28 aprel Şota Rustaveli adına Gürcüstan Milli Teatrı Bakıda Esxilin "Zəncirlənmiş Prometey" tamaşasını təqdim edib. Tamaşanın nümayişi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində keçiririlib. Nümayişdən əvvəl çıxış edən Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb. Qeyd edib ki, tamaşanın Bakı premyerası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki milli teatr arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində reallaşıb.

İkihissəli faciəli fantaziya tamaşasının müəllifi və quruluşçu rejissoru, dünyaşöhrətli rejissor Robert Sturua teatrda çıxış etdikləri üçün məmnunluğunu bildirib: “Əvvəlki qastrollarımız burada hər zaman böyük uğurla keçib. Qırx ildən artıqdır ki, bizi dəstəkləyən Azərbaycan tamaşaçısını məyus etmək istəmirik”. " Nankorluq həm kainatın, həm də insan təbiətinin dəyişməz xüsusiyyətlərindən biridir. Bu barədə hələ e.ə. V əsrdə Esxil yazmışdı və faciə janrının formalaşması da məhz onun adı ilə bağlıdır. Ondan əvvəl dram sənəti bu şəkildə mövcud deyildi. Mən tamaşanı quranda antik dramaturgiyanın xüsusiyyətlərini nəzərə aldım”,-  R.Sturua əlavə etdi.

Daha sonra qonaqlar tamaşanı izləyiblər. Tamaşanın baş rollarında Levan Xurtsia, Manana Abramişvili, Nino Arsenişvili və digər tanınmış aktyorlar - Qoga Barbakadze, Luka Quledani, Buka Tolordava və s. çıxış edirlər. Əsərin tərcüməsi Nino Kantidzeyə, səhnə tərtibatı Ana Ninua, Merab Merabişvili və Robert Sturuaya məxsusdur. Kostyumlar üzrə rəssam Ana Ninua, musiqi tərtibatçısı Svimon Canqulatşvili, xoreoqraf isə Kote Purtseladzedir.

Səhnə əsəri antik faciənin klassik statikliyindən uzaqlaşaraq, onu müasir insanın daxili iztirabları ilə vəhdətdə təqdim edir. Prometey obrazı burada həm bəşəriyyətin fədakar xilaskarı, həm də dərin tənhalıq yaşayan bir qəhrəman kimi canlandırılır.

Tamaşa böyük anşlaqla keçib və gurultulu alqışlarla qarşılanıb. "Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində növbəti nümayişi 29 aprel keçiriləcək.