Beynəlxalq Xalça Festivalı 2026



“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə 1-3 may tarixlərində “İçərişəhər” Qoruq ərazisində Beynəlxalq Xalça festivalı keçirildi. Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Festivalda Azərbaycanla yanaşı, bir sıra ölkələrdən xalçaçılar, istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak etdilər.

Mayın 1-də Bakı Biznes Mərkəzində Beynəlxalq Xalça Festivalının açılışı baş tutdu. Tədbirin açılış mərasimində çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, bu il də Beynəlxalq Xalça Festivalı çərçivəsində Forum təşkil olunub və artıq bu platforma ənənəvi xarakter alıb. Onun sözlərinə görə, forum həm yerli ictimaiyyət, həm də xarici qonaqlar üçün mühüm müzakirə və təcrübə mübadiləsi məkanıdır. Festival çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn qonaqlar öz təcrübələrini bölüşür, xalça sənətinin beynəlxalq bazara çıxışı, eləcə də əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparırlar.

Emin Məmmədov festivalın əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu cür tədbirlər Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması, zəngin mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, festival xalça sənayesinin müasir dövrün tələblərinə uyğun inkişafına töhfə vermək, beynəlxalq əməkdaşlığı genişləndirmək və sahənin iqtisadi potensialını artırmaq məqsədi daşıyır.

Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və yaradıcı sənaye nümayəndələrini bir araya gətirib. İkinci dəfə təşkil olunan forum əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi istiqamətində mühüm platforma hesab olunur. Beynalxalq Xalça festivalın proqramı zəngin və rəngarəng idi. Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər təşkil olundu.

Beynəlxalq Xalça festivalı çərçivəsində həm yerli, həm də xarici müəlliflərin sərgiləri daxil oldu. "ELYSIUM" - bu sadəcə bir sərgi deyil, həm də sənətin müxtəlif sahələrinin birləşməsidir. Rəssam Aida Mahmudovanın fırçasından çıxan abstrakt rəng qatları "Azərxalça" ASC-nın toxucuları tərəfindən ilmələrə köçürülüb. Bu, rəsm əsərinin "toxunulmaz" kətan halından çıxıb, daha fiziki və strukturlu bir formaya çevrilməsidir. Xalçaların Nardaran, Şəmkir və Qubada toxunması layihənin həm də sosial tərəfini — yerli sənətkarlığın və qadın əməyinin müasir incəsənətlə dəstəklənməsini vurğulayır. 

“Nağılları Yaşadan İlmələr. Qarabağ xalçaları” Fərid Rəsulov və "Azərxalça" ASC-nin tərəfdaşlığından ortaya çıxan bu xalça kolleksiyası ənənəvi Qarabağ xalçaçılıq sənətini sadəcə keçmişin qalığı kimi deyil, müasir sənət dilinin canlı bir parçası kimi təqdim edir. Bu layihə, qədim naxışları müasir vizual kontekstdə yenidən "aktivləşdirir". Sərginin əsas qayəsi irs ilə müasirlik arasında ciddi bir dialoq yaratmaq, toxunmuş hər ilmədə nağılları və tariximizi bugünkü bədii təfəkkürlə birləşdirməkdir. Kolleksiyaya - “Ağ at və quşların nağılı”, “Qarabağ atının əfsanəsi”, “Zəriflik naxışı”, “Qızılı lələklərin əks-sədası”, “İlmələrdəki pələng” və “Gecənin tacı nar”  adlı fərqli 6 xalça daxildir. Yun və ipək qarışığından ibarət, 3D texnikası ilə hazırlanan “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” sərgisinin əsas ideyası: mədəni irs aktual qalmaq üçün dinamik olmalıdır. 

"SOULS IN MOTION"- Laurin Malanqro  müasir tekstil sənətində ənənəvi sənətkarlıqla innovativ texnikaları birləşdirən önəmli simalardan biridir. Onun yaradıcılığının mərkəzində dayanan "Nuno Silk" (Nuno ipəyi) texnikası, ipək və yun liflərinin bir-birinə keçərək vahid, axıcı və rəngkar bir tekstur yaratmasına əsaslanır. Rəssam, təbii ipək və yun materiallarını bir-birinə qovuşduraraq, efir variasiyalı və rəngkar kompozisiyalı irimiqyaslı divar asmaları yaradır. Onun əsərləri jestləri, rəngləri və materiallığı araşdıraraq, emosiya və hərəkəti immersiv tekstil formalarına çevirir. Beynəlxalq səviyyədə tanınan Malenqronun əsərləri şəxsi kolleksiyalarda və dizayn layihələrində yer alır; bu işlər həm ənənəvi sənətkarlığa dərin hörməti, həm də davamlılığa (sustainability) olan güclü bağlılığı əks etdirir.

"Hörülmə" Alban-Amerikalı rəssam Cəvahir Kolqininin (Xhevahir Kolgjini) yaradıcılığını təqdim edən  bu sərgi mənəvi transformasiyanı, psixoloji gərginliyi və dəyişməz qalanla dəyişən arasındakı kövrək tarazlığı araşdırır. Əsərlər əllə toxunma (düyünləmə) texnikası ilə yaradılıb. Yaşanmış təcrübələr xətlərin, düyünlərin, torların və piksellərin dili ilə toxunmuş struktura çevrilir. Bu, rəssamın mədəniyyətlərin kəsişməsi və sivilizasiyaların toqquşması mövzularına uzunmüddətli marağını əks etdirir. Sərgi tekstili həm bir təsvir, həm də bir düşüncə forması kimi təqdim edir. Burada duyğusal, zehni və mədəni anlayışlar bir-birinə keçərək birgəyaşayış və özünüifadə haqqında dərin bir meditasiya məkanı yaradır.

"TÜRK ÇÖLÜNÜN QADINLARI" Qazaxstandan Beynəlxalq Xalça Festivalı üçün yola düşən Assol Alimova (Assolya) xalçalar üzərində hiperrealizm üslubunda işləyir. O, ənənəvi xalçaları müasir incəsənət nümunəsinə çevirərək onların üzərində portretlər yaradır. Onun əsərlərinin əsas mövzusu Böyük Çölün qadınları, türk tarixi və milli ornamentlərdir.

“Nənəmin Xalçası” - “DanceAbility Azərbaycan” İnklüziv Multidissiplinar sərgini təşkil etdi. Şəxsi hekayələrdən və “Azərxalça” ASC-nin  toxucularının təcrübəsindən ilhamlanan bu tədbir xalçanı yalnız ənənəvi obyekt kimi deyil, canlı və paylaşılmış təcrübə kimi təqdim etdi. Müasir üslubda rəqəmsal performans, hekayə təqdimatı, praktiki məşğələ  və panel müzakirələrini bir araya gətirən proqram çərçivəsində bütün fəaliyyətlər əlilliyi olan və olmayan şəxslərin birgə iştirakı ilə hazırlandı. AtəşHub: Bədii-maarifləndirici proqram Şirvanşahlar Sarayı kompleksinin muzey məkanında təqdim olundu və xalçanın mənəvi irs və sakral funksiyalarına həsr olundu. Proqram çərçivəsində kurator və sənətşünas M. Məmmədəliyevanın “Naxışdan alqoritmə: Azərbaycan xalçasının ənənədən müasirliyə təkamülü” mövzusunda mühazirə-prezentasiyası dinlənildi. Təqdimatda Azərbaycan xalçasının mədəni şüurdan rəqəmsal incəsənətə keçid aspektləri və video-instalyasiyalar nümayiş olundu.

Festivalın əhatə dairəsi təkcə qalereya və qapalı məkanlarla məhdudlaşmadı. İçərişəhərin tarixi küçə və meydanları geniş sənət platformasına çevrildi. Qoşa Qala meydanı və Bakı Xanları parkı festival boyu mərkəzi sərgi-satış yarmarkalarına ev sahibliyi etdi. Burada şəhər sakinləri və turistlər unikal sənət nümunələrini yaxından görmək və əldə etmək imkanı qazandı. Eyni zamanda, Vahid bağı boyunca uzanan yarmarka zonası qonaqlara müxtəlif sənətkarlıq məhsullarının nümayişini təqdim etdi. Əsrlərin yaddaşını yaşadan Multani və Buxara karvansaraları isə öz qapılarını eksklüziv sərgilər və yeni sənət məhsullarının təqdimatları üçün açaraq tarixlə müasirliyin kəsişməsini vizual bir bayrama çevirdi.