
Bakıda Polşa konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Hökumət rəsmilərinin, diplomatik korpusun, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Polşanın dövlət himnləri səsləndirilib.
Çıxış edən Polşanın ölkəmizdəki səfiri Pavel Radomski bildirib ki, 3 may 1791-ci il tarixində qəbul edilmiş Polşa–Litva Birliyi Konstitusiyası təkcə tarixi-hüquqi sənəd deyildir, eyni zamanda, qəbul edildiyi dövrdə milli kimliyin cəsarətli ifadəsi və müasir, suveren dövlət quruculuğuna yönəlmiş uzaqgörən bir konsepsiya, Avropada ilk yazılı ali qanun, dünyada isə ikinci belə sənəd kimi, güclü xarici təzyiqlərə baxmayaraq islahat ruhunun və azadlıq iradəsinin sarsılmazlığını nümayişidir. Bu Konstitusiya polşalıların, litvalıların və Birliyin tərkibində olan digər xalqların ortaq tarixi nailiyyətidir.
Səfir Azərbaycanla münasibətlərdən söz açarkən deyib ki, uzun illər ərzində ölkələrimiz qarşılıqlı hörmət, dialoq və ümumi maraqlara əsaslanan konstruktiv əməkdaşlıq qurublar. “Biz siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələri bundan sonra da möhkəmləndirmək niyyətindəyik”, deyən səfir qeyd edib ki, rəsmi Varşava Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişləri yüksək qiymətləndirir. “Yaxın qonşuluqda müşahidə olunan gərginlikləri nəzərə alaraq, regionun sabit və firavan gələcəyinin təmin olunmasının əsas şərti kimi Azərbaycanın balanslı və sülhsevər yanaşmasını da alqışlayırıq. Polşa Avropa İttifaqının üzvü kimi, İttifaqla Azərbaycan arasında əməkdaşlığın artan dinamikasını məmnunluqla qeyd edir. Xüsusilə də, son vaxtlar Bakıya olan çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bugünkü səfəri buna töhfə verir”, – diplomat deyib.
Pavel Radomski bildirib ki, bu səylər yaxın vaxtlarda bütün Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin edəcək hərtərəfli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Səfir qeyd edib ki, Cənubi Qafqazda müsbət inkişafa baxmayaraq, dünyanın bir çox regionlarında təhlükəsizlik vəziyyəti getdikcə gərginləşir. Polşanın nöqteyi-nəzərindən, ən ciddi təhlükə Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzüdür. “Bir il əvvəl məhz bu zalda çıxış zamanı Polşanın Ukraynaya sarsılmaz dəstəyini ifadə etmişdim. Bu gün həmin mövqeni bir daha təsdiqləyirəm: Polşa Ukrayna ilə həmrəydir. Biz, müttəfiqlərimiz və beynəlxalq hüquqa hörmət edən bütün tərəfdaşlarımızla birlikdə Ukraynanı lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyik”, – o deyib.
Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən xarici işlər nazirinin müavini Fariz Rzayev deyib ki, polşalı mütəxəssislər Bakının memarlıq inkişafına və neft sənayesinin XIX əsrin sonu – XX əsrin əvvəllərindəki yüksəlişinə mühüm töhfələr veriblər. Bu tarixi irs bu gün də dostluğumuz üçün möhkəm bir təməl kimi xidmət edir. “Azərbaycanla Polşa arasında siyasi dialoq davamlı dinamika nümayiş etdirir” deyən nazir müavininin sözlərinə görə, iki ölkə arasında təmaslar müntəzəm xarakter daşıyır və əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir. “Polşa-Azərbaycan parlament dostluq qrupunun nümayəndə heyəti ölkəmizə səfər edib. Hökumətlərarası komissiyanın növbəti iclası və konsulluq məsləhətləşmələri keçirilib. Bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı olub. Bütün bunlar əməkdaşlığımızın ardıcıl və məqsədyönlü inkişafını təsdiqləyir”, – Fariz Rzayev deyib.
Nazir müavini qeyd edib ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində təhsil, mədəniyyət və elm sahələrindəki mübadilələr mühüm rol oynayır. O, birgə səylər sayəsində Azərbaycanla Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin hər iki dövlətin və xalqın rifahı naminə bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu söyləyib.
Tədbir qeyri-rəsmi hissə ilə davam edib. Qonaqlara kamera orkestrın ifasında canlı klassik musiqidən ibarət konsert, polşa mədbəxin ləziz təamları təqdim olunub.




