Mayın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında benefis tamaşanın premyerası olub. Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır. Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak edirlər.
"Kral Lir"in əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır. Kral Lir faciəsi nə siyasi, nə də ailə daxili münaqişədir. Lir bütün ömrü boyu tanrıların diqqət mərkəzində yaşadığına inanıb. O, hakimiyyətin zirvələrinə ucalmışdı və ilahi qüvvələrin onun tərəfində olduğunu düşünürdü. Lakin dünyəvi həyatdan uzaqlaşmağa — tanrılara doğru addım atmağa qərar verdikdə, onlar onun səsinə qarşı kar olurlar. Qonerilya və Reqana — sadəcə simptomlardır. Əsl fəlakət ilahi sükutdur.
Lir çöldə tək dayananda tufanla mübahisə etmir, o, tənhalıqla üz-üzədir. Səksən il özünü mənalı bir kosmosun oxu hesab edən kral, həmin an dözülməz bir həqiqəti kəşf edir: kainat ona cavab vermir. Mərkəzi münaqişə Lirin qızları ilə deyil, Lirin Səma ilə olan münaqişəsidir. Lir öz eqosuna layiq apokaliptik bir finala hazırlaşırdı. O, ulduzların tökülməsinə hazır idi, lakin qollarındakı ölü qızının ağırlığı qarşısında aciz qaldı. Tanrılar onu cəzalandırmır — onlar onu insan olaraq buraxırlar. Ali mərhəmət və ali faciə də elə bundadır.
Tamaşa mayın 13-14-də teatrın səhnəsində təqdim olunacaq.