
Misir Mədəniyyət Mərkəzi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə RF ART Studionun rəhbəri Fidan Rüstəmzadənin tələbələri ilə birgə layihə rəhbəri Aygün Əzizovanın olduğu "Misir Azərbaycan Rəssamlarının Gözü ilə" adlı 3-cü fərdi yaradıcılıq sərgisi baş tutdu.
Sərgidə fəxri qonaqlar sırasında peşəkar KİV nümayəndələri, Azərbaycan Rəssamlar İttifaqının üzvləri və tanınmış rəssamlar yer alırdı. Onların sırasında ADRA-nın müəllimi Zinaida Mirzəzadə, rəssamlar - Vüsalə Bəkirova, Tatyana Simonova, Dinara İsmayılova, Rəhimə Əsədullayeva, Günay Məmmədova və Aygün Kamilqızı da vardı.
Tədbiri giriş sözü ilə Misir Mədəniyyət Mərkəzinin rəhbəri Tariq Məhəmməd Əbul-Futuh açaraq qonaqları salamladı. O, Beynəlxalq Qalereya ilə əməkdaşlığın iki dost dövlət – Misir və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğuladı. Ardınca söz Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verildi. O, Fidan Rüstəmzadəni və tələbələrini 3-cü fərdi yaradıcılıq sərgisi münasibətilə təbrik edərək uğurlar arzuladı.
Sərgidə qırx iştirakçı Azərbaycan və Misir mədəniyyətinə xas ornamentlərdən istifadə edərək gözəl əsərlər ərsəyə gətirdi. Bu əsərlər iki ölkənin mədəniyyətlərinin sintezini nümayiş etdirərək tamaşaçılara həm estetik, həm də mənəvi zövq bəxş etdi. Tədbir çərçivəsində qonaqlara ənənəvi Misir şirniyyat süfrəsi təqdim olundu. Sonda iştirakçılara sertifikatlar verildi və xatirə fotoları çəkildi. Bu sərgi bir daha sübut etdi ki, incəsənət xalqlar arasında mədəni körpü rolunu oynayır və dostluq münasibətlərini daha da möhkəmləndirir.
P.S. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinə tabedir və mədəniyyət, təhsil sahəsində fəaliyyət göstərir. Bu mərkəz Misirlə Azərbaycan arasında mədəniyyət və təhsil körpüsü rolunu oynayır.
Fotoqraf: Camal






