
15 və 16 may tarixlərində Heydər Əliyev Sarayında "Planet Parni iz Baku" KVN teatrın təqdimatında Cabir İmanovun 50 illik yubileyinə həsr olunmuş "Xalqın Artisti" adlı konsert baş tutdu.
"Planet Parni iz Baku" 1992-ci il mövsümünün çempionu, 1993-cü il mövsümünün ikincisi, 1995-ci il Yay Kubokunun qalibi və 2000-ci ildə Onluq Turnirinin qalibi (20-ci Əsrin Çempionları) olub. Konsert proqramında məşhur KVNçilər və 20-ci əsr çempionları Tahir İmanov, Ələkbər Əliyev, Ənvər Mansurov, Nigar Babayeva və başqaları çıxış ediblər. Həmişə olduğu kimi, tamaşaçılar arasında bir çox məşhur şəxsiyyətlər, televiziya aparıcıları, sənətçilər və idmançılar yer aldılar.
Konsert proqramı Əməkdar Artist Cabir İmanovun həyat və yaradıcılığına həsr olunmuş videoçarxla açılıb. Cabir İmanov həmişə parlaq, mehriban və şən insan kimi xatırlanacaq. Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. 1983-cü ildən 1993-cü ilə qədər Bakıdakı 189 nömrəli məktəbdə oxuyub. 1993-cü ildən 1997-ci ilə qədər Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb, sonra isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1992-ci ildən KVN komandasının üzvü olub. "Bakılı oğlanlar" və daha sonra "Planet Parni iz Baku" teatrında çalışıb. Əfsanəvi KVN komandası "Bakılı oğlanlar"ın üzvü kimi o, səhnədə ilk irəliləyişini edərək tamaşaçıları dərhal valeh edən və bütün yaradıcılıq karyerasının təməlini qoyan obrazlar yaradıb, tamaşaçıların sevimlisinə və müasir Bakı komediya məktəbinin əsas simvollarından birinə çevrilib. 2015-ci ildə "Əməkdar Artist" fəxri adına layiq görülüb. 2021-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib. Cabir İmanov 1997-ci ildən 1998-ci ilə qədər Daxili Qoşunlarda xidmət edib. 1999-cu ildən 2018-ci ilə qədər Daxili İşlər Nazirliyində, 2019-cu ildən isə DTX-də müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsini qazanıb.
Konsert proqramı Cabir İmanovun yaratdığı və 1995-ci ildə Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirilən "Televiziya Proqramı" səhnəciklə açıldı. Cabir İmanovun sevimli obrazına Şiraslan Gürsəsliyə və Azərbaycanın ən məşhur taksi sürücüsü Ağanatıqa həsr olunmuş səhnələr tamaşaçılar arasında inanılmaz maraq doğurdu. "Fedotun yeni sərgüzəştləri" səhnəciyi gecəyə hüsusi rəng qatdı. Gecənin son nömrəsi olan "Məhəllə" heç kəsi laqeyd qoymadı.
Cabir İmanov çox tez dünyasını dəyişdi, amma əsl sənətkarlar heç vaxt ölmür. Onlar öz rollarında, tamaşaçıları valeh etdikləri personajlarda yaşayırlar. Konsert proqramının sonunda Tahir İmanov KVN-nin inkişafındakı böyük töhfələrinə görə Heydər Əliyevə və İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Konsert gurultulu alqışlarla qarşılandı və böyük anşlaqla keçdi.

.jpg)


