“Uşaq Dünyası” beynəlxalq musiqi festivalın açılışı

Mayın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib. Akademik Filarmoniyada keçirilən açılış mərasimində çıxış edən Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə festivalın uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, bu cür layihələr gələcəyin sənətkarlarının formalaşmasına təkan verir və uşaqlar arasında incəsənətə marağın daha da artmasına xidmət edir.

Festival çərçivəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının (direktor-baş dirijor Mustafa Aşurov, baletmeyster Ceyhun Qubadov, menecer Elçin Abbasov) və Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları eyni səhnəni bölüşüb. Proqramda, həmçinin Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı və solistləri çıxış ediblər. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevadır. Konsert proqramı ilə yanaşı, gənc istedadların rəsm və əl işlərindən ibarət sərgi də tamaşaçılara təqdim olunub.

“Uşaq Dünyası” beynəlxalq musiqi festivalı Akademik Filarmoniya və Uşaq Filarmoniyasının birgə təşkil etdiyi ilk beynəlxalq festivaldır. Festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onları böyük səhnəyə çıxarmaq və böyüklərlə birlikdə ortaq layihələr həyata keçirməkdir. Bu festival nəsillər arasında yaradıcı davamlılığın və sənət ənənələrinin gözəl bir körpüsüdür. “Uşaq Dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar üçün rəngarəng konsert proqramları, maraqlı sərgilər və musiqili təqdimatlar təşkil olunacaq. Festival günlərində gənc istedadların çıxışları, rəqs, vokal və instrumental kollektivlərin ifaları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı nəzərdə tutulub.

Festivalın bağlanış mərasimi 3 iyun Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Sizi musiqi, sənət və uşaqların yaradıcılıq enerjisi ilə zəngin festival atmosferini birlikdə yaşamağa dəvət edirik!